18:20 12-11-2013
news_image

Həmyerlimiz Rusiyada məşqçi səhlənkarlığının güdazına gedib

“Rusiyada yaşayan həmyerlimiz Əli Novruzovun ölümünün son olaylarla əlaqəsi yoxdur”. Bunu Lent.az-a Novruzovun yaxın qohumu deyib.

Onun sözlərinə görə, xoşagəlməz olay məşqçinin günahı üzündən baş verib. Məhz həmin məşqçi yeniyetmə yaşlarında olan Əli Novruzovla İvan Çekurovu qoruyucu jiletsiz döyüşdürüb. Üstəlik, Çekorovun yaşı və çəkisi Novruzovdan üstün olub. Döyüş zamanı Novruzov aldığı zərbədən keçinib.

Hazırda Rusiyada araşdırma getdiyini bildirən mərhumun yaxın qohumu qızışdırıcı mövqe tutaraq, hadisəni millətlərarası zəminli münaqişəyə çevirməyin əleyhinə olduğunu bildirib. Onun sözlərinə görə, Çekurov Novruzovla yaxın münasibətdə olub: “İvan da Əlinin ölümündən məyus olub. Elə bizim də ona qarşı iddiamız yoxdur. Hadisədə məşqçinin günahkar olduğunu düşünürük. Hazırda Rusiyada araşdırma gedir, kimin səhvi varsa, cəzalanacağına inanırıq. Çerepovets şəhər rəhbərliyi də mərhumun ailəsinə başsağlığı verib. Çerepovetsdə Qubanın Nügədi kəndindən xeyli adam yaşayır. Onlar da zəng vuraraq, hadisədən təsirləndiklərini və Əlinin qisasını almağa hazır olduqlarını bildirirlər. Amma istəməzdik ki, məşqçinin səhlənkarlığı üzündən baş vermiş olay millətlərarası müstəviyə keçsin”.

Qeyd edək ki, Novruzov ailəsi ilə birgə Rusiyanın Çerepovets şəhərində yaşayıb. 15 yaşlı həmyerlimiz noyabrın 6-da məşq zamanı Döyüş Sənətləri Mərkəzində aldığı zərbədən keçinib.