18:31 18-11-2013
news_image
891
DİGƏR NÖVLƏR

Sabah Azərbaycan çempionatı başlayır

Sabah bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionatına start veriləcək. Gimnastika Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, saat 11:00-da başlayacaq yarış İsmayıllıda keçiriləcək.

Belə ki, çempionatda həm böyüklər, həm də 1998-2000-ci təvəllüdlü olan ümumilikdə 16 gimnast iştirak edəcək. Gimnastlar mütləq çoxnövçülük və ayrı-ayrı növlər üzrə medallar uğrunda mübarizə aparacaqlar.

Son 5 ildə Azərbaycan çempionu London Olimpiadasından sonra böyük idmanı tərk edən Aliyə Qarayeva olub. İndi isə yeni titul və qızıl medala əsas iddiaçılar ötən il analoji yarışların gümüş mükafatçıları olmuş Lalə Yusifova və Marina Durunda hesab edilirlər.

Yarışda Respublika Kompleks İdman Məktəbi və “Baku Fleyms” klubunun gimnastları ilə yanaşı, “Neftçi”, Bakı Gimnastika Məktəbi, “Spartak” və “Sərhədçi”nin təmsilçiləri də çıxış edəcəklər.

Çempionata maraq onun yenidən 2 il əvvəl olduğu kimi paytaxtdan kənarda keçirilməsi ilə daha da artıb. Bu dəfə yeni çempionların adları İsmayıllı Olimpiya İdman Kompleksində elan olunacaq.

Qeyd edək ki, yarışa ən yaxşı gimnastların, eləcə də İsmayıllı təmsilçilərinin ifasında Qala-konsertlə yekun vurulacaq.