09:54 21-11-2013
news_image
689
TOP OYUNLARI

Valeriya Korotenkoya əvəzləyici tapıldı - FOTO

“Azəryol” Azərbaycan millisinin aparıcı voleybolçusu Valeriya Korotenkoya əvəzləyici tapıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Almaniya millisinin liberosu Liza Tomseni rənglərinə bağlayıb.

28 yaşlı voleybolçu ilə mövsümün sonuna kimi anlaşma əldə olunub. Legioner həyatı yaşamayan Liza “Azəryol”a 2009-cu ildən şərəfini qoruduğu “Şveriner”dən gəlib. Onun titulları da məhz bu klubla bağlıdır. Belə ki, 2 dəfə Almaniya çempionu olan (2011, 2012) Tomsen 1 dəfə də ölkə kubokunu (2012) başı üzərinə qaldırıb.

“Azəryol”un yeni transferi millisinin heyətində son Avropa çempionatının bütün oyunlarının iştirakçısı olub və bu komanda ilə 2011-ci ildən sonra 2013-cü ildə də gümüş medal qazanıb.

Tomsen vətənində verdiyi açıqlamasında Bakı klubunu seçdiyi üçün xoşbəxt olduğunu da deyib: “Əlbəttə, mən özümə belə bir klub tapdığım üçün xoşbəxtəm. Bu, mənim karyeramda böyük bir addımdır. Mən burada təcrübəmi artırıb, çox yeniliklər öyrənəcəm. Bundan başqa, burada çıxış etməyimdən həzz alacağam”.

Almaniyalı voleybolçunun noyabrın 23-də Super Liqada debütü də istisna olunmur.

Qeyd edək ki, Korotenko yığmamızın dünya çempionatının seçmə mərhələsinin oyunlarından sonra (3-5 yanvar) analıq məzuniyyətinə çıxacaq.