14:18 22-11-2013
news_image
696
TOP OYUNLARI

Məğlublarla start, Azərbaycan derbisi ilə son

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, bununla da startdan sonra yaranmış 36 günlük fasilə bitəcək.

Turun mərkəzi matçı günün son - “Rabitə” – “Azəryol” görüşünə təsadüf edəcək. Əzəli rəqiblərin duelində hər 2 komandanın qələbə qazanmaq şansı yüksəkdir. Çünki komandalar fasilədən kifayət qədər səmərəli yararlanaraq, lazımı formanı yığa biliblər.

Əslində, matç Azərbaycan çempionu üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki “Rabitə” tarixində ilk dəfə azərbaycanlı baş məşqçi Eldar Yusubovun rəhbərliyi altında rəsmi görüşə çıxacaq. Yeni çalışdırıcı bu qarşılaşmada özünü sübut etməyə və komandadakı inamını daha da möhkəmlətməyə can atacaq.

Düzdür, “Azəryol” da “asan yem” deyil. Onlar da bu dəfə meydana daha güclü heyətlə çıxaraq, ilk turdakı xal itkisini sığortalamaq arzusundadırlar. Zədədən qayıdan Oksana Parxomenko, Marqareta Kozux və yeni transfer Liza Tomsenin də ilk dəqiqələrdən meydanda olacağı istisna deyil. Bu səbəbdən görüşün gərgin alınacağını, qalibin tay-brekdə müəyyənləşəcəyi də gözləniləndir.

Tura isə “Telekom” – “Lokomotiv” oyunu ilə start veriləcək. İlk turun məğlublarının duelinin gərgin alınacağını söyləmək olar. Çünki “Telekom” matça yeni baş məşqçi Vasif Talıbovun rəhbərliyi altında çıxacağı halda, “dəmiryolçular” “İqtisadçı”ya uduzmağın təsadüf olduğunu sübut etməyə çalışacaqlar.

Bu klublar arasında yoxlama matçında “Telekom”un qalib gəldiyini nəzərə alsaq, bunun davamının gələcəyi daha qədər inandırıcıdır. Amma mövsümə yeni rəhbərlik və yeni heyətlə başlayan “Lokomotiv”in qalib gəlməsi də sensasiya kimi qiymətləndirilməyəcək. Çünki “Lokomotiv”də artıq voleybolçular bir-birinə uyğunlaşıb və onlar da güclərini göstərmək iddiasındadırlar.

“Azərreyl” – “İqtisadçı” matçında ikincilər favorit hesab olunur. Sürətli voleybolu nümayiş etdirən “tələbələr”in büdrəyəcəyi inandırıcı deyil. Lakin “dəmiryolçular” “Azəryol”la matçdakı kimi çıxış etsələr, heç də “İqtisadçı”nın vəziyyəti yaxşı olmayacaq.

23 noyabr
II tur

15:00. “Telekom” - “Lokomotiv”
17:00. “Azərreyl” - “İqtisadçı”
19:00. “Rabitə” – “Azəryol”


İqtisadçı
1
1
0
3-0
75-56
3
Rabitə
1
1
0
3-0
75-57
3
Azəryol
1
1
0
3-2
109-108
2
Azərreyl
1
0
1
2-3
108-109
1
Telekom
1
0
1
0-3
57-75
0
Lokomotiv
1
0
1
0-3
56-75
0

Qeyd edək ki, oyunlar Voleybol Mərkəzində olacaq.