14:09 23-11-2013
news_image
790
DİGƏR NÖVLƏR

“Azərbaycan ev sahibliyi etməkdən böyük fərəh hissi duyur”

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının rəsmi loqosu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov tərəfindən təqdim olunub. Apasport.az saytının məlumatına görə, təqdimat Romada keçirilən 42-ci Avropa Olimpiya Komitəsinin (AOK) ümumi yığıncağında baş tutub.

Tədbirdə çıxış edən Rəhimov bildirib ki, Azərbaycan ilk dəfə Avropa Oyunlarına ev sahibliyi etməkdən böyük fərəh hissi duyur: “Qitənin hər yerindən 2015-ci ildə keçiriləcək bu tarixi tədbirə gələcək bütün atlet və qonaqları salamlayırıq. Bizim loqomuz xalqımızın idman irsindən qürur duyması, qonaqpərvərliyə sədaqətimiz, qonaqlarımızı qarşılamağımız və həm Avropada, həm də ondan kənarda ölkəmizin inkişaf etməkdə olan idman, biznes və turizm mərkəzi kimi mövqeyini əks etdirir”.

Ardınca AOK prezidenti Patrik Hikki yarışın yüksək səviyyədə keçəcəyinə inandığını bildirərək, bunun avropalı idmançılar üçün böyük əhəmiyyət daşıdığını deyib. Onun sözlərinə görə, loqonun təqdimatı yarışa hazırlıq istiqamətində başqa vacib bir mərhələni ifadə edir: “Avropa tarixində ilk dəfə özünün qitə üzrə multi-idman tədbirini keçirəcək. Əksər avropalı atletlər üçün bu tədbir bu gün Olimpiya Oyunlarında yarşıçı kimi öz milli rənglərini geyinmək istiqamətində atılmış vacib bir addım olacaq”.

Qeyd edək ki, Bakı-2015-də qitənin 49 ölkəsindən 18 idman növü üzrə 5400 atlet qüvvəsini sınayacaq.