14:19 25-11-2013
news_image

3 medal hesabına irəli

Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Abu-Dabidə keçirilən Qran-Prinin yekunlarına əsasən açıqlanan siyahı Azərbaycan millisinin aparıcı üzvləri üçün uğurlu alınıb.

Belə ki, Peter Zayzenbaherin yetirmələrindən yarışın finalında uduzan Nicat Şıxəlizadə (66 kq) 4 pillə irəliləyərək, 9-cu yerə yüksəlib. Turnirin bürünc mükafatçısı Orxan Səfərov (60 kq) 5 rəqibini arxada qoyub və 18-ci yerə qalxıb. Qran-Pridə yığmamıza digər “bürünc”ü qazandıran Ramin Qurbanov (90 kq) isə 68-cidir. Onlarla yanaşı, İlqar Müşkiyev (60 kq) də irəliləyənlər siyahısındadır. Təmsilçimiz 15-ci yeri 13-cü pilləyə dəyişib.

Cüdoçularımızdan Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Tural Səfquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) mövqelərini qoruyublar. Onlar yenə müvafiq olaraq, 48-ci, 14-cü, 34-cü, 7-ci, 1-ci, 15-ci və 66-cıdır.

Komandamızın heyətində yalnız son yarışları buraxan Elnur Məmmədli (81 kq) və Elmar Qasımov (100 kq) geriləyiblər. Olimpiya çempionumuz 2 pillə aşağı düşərək, 53-cü olduğu halda, Qasımov 8-ci yerdə (-1) qərarlaşıb.

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.