14:51 25-11-2013
news_image
3424
DÖYÜŞ NÖVLƏRİ

“Azərbaycan millisi mənə 1 milyon avro verirdi”

Azərbaycan yığmasının daha bir güləşçini milliləşdirmək istəyi uğursuz alınıb. Apasport.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, dünya çempionu Stanka Zlateva komandamızın şərəfini qorumaqdan imtina edib.

Bunu 72 kq çəki dərəcəsində mübarizə aparan bolqarıstanlı idmançının özü açıqlayıb.

O bildirib ki, Azərbaycanın təklif etdiyi böyük pullardan imtina etsə də, yığmamızla birgə məşq etməyə hazırdır: “Sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Semyon Şterev məni bu səviyyəyə çatdıran mütəxəssisdir. Amma mən Bolqarıstanınam. Heç vaxt ölkəmi satmaram. Şterev də satmayıb. O, Azərbaycana getməyə məcbur olub. Azərbaycan millisi ilə birgə məşq etməyim üçün federasiya ilə danışıqlar aparacağıq. Onlar mənə elə şərtlər təklif etmişdilər ki... Lakin mən ləyaqətimə üstünlük verdim”.

5 dəfə dünya, 5 dəfə Avropa çempionu olan və 2 dəfə Olimpiya Oyunlarının finalına yüksələn Zlatevanın sözlərinə görə, Azərbaycan ona 1 milyon avro təklif edibmiş: “Mən satqın deyiləm, 30 yaşım var. Amma yenə hamını təəccübləndirək gücümü sübut etmək istəyirəm. Mənim üçün pul o qədər də vacib deyil. Əgər belə olsaydı, Azərbaycan və ya Qazaxıstana gedərdim. Onlar mənim həyatım boyu gördüyüm pullardan qat-qat çox – 1 milyon avro verirdilər. Lakin mən Bolqarıstanı sevirəm və heç vaxt buranı tərk etmək barədə düşünməmişəm”.

Qeyd edək ki, az öncə Ukrayna millisinin güləşçisi Alina Maxinya-Stadniklə rusiyalı Abuyazid Mantsiqova vətənlərində verdikləri açıqlamalarında Azərbaycana gəlməkdən imtina etdiklərini söyləmişdilər.