12:52 03-12-2013
news_image
2401
DÖYÜŞ NÖVLƏRİ

Ya Azərbaycan yığması, ya da son!

Bolqarıstanlı güləşçi Stanka Zlateva Azərbaycan millisinin düşərgəsində məşq etməyə qərar verib. Apasport.az saytının məlumatına görə, buna səbəb onun şəxsi məşqçisi Semyon Şterevin Azərbaycan yığmasını çalışdırmasıdır.

Belə ki, 5 qat dünya çempionu yenə əvvəldən tanıdığı məşqçinin rəhbərliyi altında hazırlıq keçmək tələbi ilə çıxış edib.

Zlateva Bolqarıstan Güləş Federasiyasına bildirib ki, onun Azərbaycanda olsa belə Şterevlə çalışmasına imkan yaradılmayacağı halda, karyerasını bitirəcək. Mütəxəssislə problemi olmayan federasiya da bu məsələdə güləşçiyə güzəştə getməyə hazırdır.

Amma Bolqarıstan güləş ictimaiyyətini qorxuya salan bir məqam var. Bu, hələ də yığmamızın Stankanı milliləşdirmək istəyindən əl çəkməməyidir. Yəni, 9 ay öncə Olimpiya Oyunlarının 2 qat gümüş mükafatçısına vətəndaşlığını dəyişmək üçün 1 milyon avro təklif edən Azərbaycan Güləş Federasiyasının yenidən hərəkətə keçmək ehtimalı bolqarları çəkindirir.

Hətta Bolqarıstan millisinə yaxın mənbələrdən birinin iddiasına görə, artıq Zlateva yeni təklif də olunub. Həmin şəxsin Bolqarıstan mətbuatına açıqlamasında şərtlərin əvvəlkindən də ciddi olduğu iddia edilir: “Bu dəfəki təklif əvvəlkindən də yaxşıdır. Kimsə bunu ağlına belə gətirə bilməz”.

Qeyd edək ki, Şterev sərbəst güləş üzrə millimizi çalışdırır.