14:55 03-12-2013
news_image

Dünya çempionunun Azərbaycan millisinə yolu açılır

Boks üzrə Rusiya millisinin baş məşqçisi Aleksandr Lebzyak Azərbaycan yığmasında iştirak etmək istəyən dünya çempionu Albert Səlimovu komandası üçün ciddi itki saymır. Apasport.az saytının məlumatına görə, tanınmış mütəxəssis 27 yaşlı rusiyalı boksçunun qərarına münasibət bildirərək, onun çıxış etdiyi 60 kq çəki dərəcəsində kifayət qədər idmançılarının olduğunu açıqlayıb.

Lebzyak WSB liqasında Azərbaycanı təmsil edən “Baku Fires”in üzvü olan Səlimovun Rio-de-Janeyro-2016-da qələbə qazanacağına da şübhə edir. Onun sözlərinə görə, Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında Albertdən daha güclü rusiyalılar olacaq: “Əgər Səlimov vətəndaşlığını dəyişsə, biz hazırlıq planımızı buna uyğun quracağıq. Bütün bunların necə yekunlaşacağını isə Rio-de-Janeyroda görəcəyik. Onu deyə bilərəm ki, 60 kq çəki dərəcəsində bizim kifayət qədər möhkəm mövqelərimiz var. 2015-ci ilin ortalarına qədər onu daha da möhkəmlətməliyik. Bəli, Albertin gedişi komanda üçün itkidir. Amma bu çəki dərəcəsində yaxşı və layiqli boksçularımız var. Mən 99,9% əminəm ki, Olimpiadada Səlimovla qarşılaşsaq, ona qalib gələcəyik”.

Qeyd edək ki, az öncə idmançının özü Rusiya və Azərbaycan boks federasiyaları razılığa gələrsə, millimizdə iştirak arzusunu açıqlamışdı.

Yeri gəlmişkən, London-2012-yə lisenziya uğrunda 2 yarışa qatılan Səlimov uğursuzluğa uğramışdı. İlk cəhdini Bakıda keçirilən dünya çempionatında gerçəkləşdirən rusiyalı rəqibinə qurşaqdan aşağı zərbə vurduğu üçün diskvalifikasiya olunmuşdu. Lisenziya xarakterli növbəti turnirində isə zədə səbəbindən mübarizəni dayandırıb. Son vaxtlarda isə həvəskar boksdan bir qədər uzaqlaşan idmançı WSB liqasında gücünü yoxlayır. Əgər o vətəndaşlığını dəyişərsə, 2015-in əvvəllərində yığmamızda debüt edə bilər.