17:30 10-12-2013
news_image
1701
DİGƏR NÖVLƏR

Azər Məhərrəmov: Bu, hələ başlanğıcdı

Azərbaycan Triatlon Federasiyasının icraçı-direktoru Azər Məhərrəmovun apasport.az saytına müsahibəsi

- Olimpiya idman növü olan triatlon artıq Azərbaycanda da inkişaf dövrünə qədəm qoyub. Öncə bu idman növü barədə fikirlərinizi bölüşməyinizi istərdik...
- Triatlon ciddi, eyni zamanda, çətin və birmənalı olmayan tarixə malikdi. Bu tarix XX əsrin əvvəlindən başlayır. Mən bəzi istiqamətlərdə dayanmaq istərdim. Burada dəmir adam obrazı formalaşır ki, bu da özündə inanılmaz bir idman qəhrəmanlığı əks etdirir. Belə qəhrəmanlıqlara 42 km marafon, 180 veloyürüş və s. də aiddir. 2000-ci ildə Sidneydən Olimpiya ailəsinə daxil olan klassik triatlon 1,5 km açıq havada üzmək (göl və ya dənizdə, bəzən qapalı hovuzda ola bilər), ardınca tranzit məntəqəsində velosipedə oturub, 40 km məsafə qət edirlər. Şəhər küçələrində və digər yerlərdə də ola bilər. Ardınca tranzit məntəqəsinə gəldikdən sonra bu dəfə velosipeddən düşüb 10 km qaçırlar. Bununla, bir günlük yarış başa çatır. Yaş qruplarından asılı olaraq, bu da dəyişir.

- Bəs bu idman növü üzrə federasiyanın yaranma zərurəti nədən irəli gəldi?
- Azərbaycan gənclər və idman naziri (AGİN) Azad Rəhimov və Milli Olimpiya Komitəsinin (MOK) təşəbbüsü ilə belə bir federasiya yarandı. Təəssüf ki, Azərbaycanda bu idman növünün tarixi mövcud deyil. Ayrı-ayrılıqda velosiped idmanı, atletika və üzgüçülük var, lakin onların üçünü bir idman növündə birləşdirən triatlon yoxdur. Bir sözlə, hər şeyə sıfırdan başladıq. Bu təşəbbüs irəli sürüldükdən sonra biz federasiyanı yaratdıq, Ədliyyə Nazirliyində qeydiyyatdan keçdik və beynəlxalq təşkilatlara birləşmək üçün fəaliyyətə başladıq. Ümumdünya Triatlon İttifaqının (ÜTİ) mənzil-qərargahı Kanadada yerləşir. MOK-un köməkliyi ilə bütün lazımı sənədləri oraya yolladıq. Onlar da bizi üzv qəbul etmək bərədə qərar verdilər. Avropa Triatlon İttifaqı (ATİ) ilə də əlaqələr qurduq. Bu qurumun prezidenti Renato Bertrandi artıq 2 dəfə Bakıya gəlib. Bir dəfə federasiya yaranmazdan, bir dəfə də yarandıqdan sonra ölkəmizə səfər edib. Onlarla işgüzar əlaqələr qurmuşuq. ATİ də AGİN və MOK kimi bizə hər cür kömək edir. Çünki həm hüquqi, həm texniki, həm də digər çətinliklər olur. Lakin artıq onların hamısını həll etmişik. Avqustda keçirilən Avropa çempionatı, ardınca da dünya çempionatını da izlədik. Niyə federasiyanı bu il və belə sürətlə yaratdıq? I Avropa Oyunlarına hazırlıq gedir. Hələ müzakirələri davam edən, amma triatlonun da həmin proqramda olacağı məlumdur. Artıq Avropa Olimpiya Komitəsi bununla bağlı müəyyən tələblərini irəli sürüb.

- Burada idmançı sayına aydınlıq gəlibmi? Əgər gəlibsə, ölkəmiz yarışa neçə nəfərlə qatılacaq?
- Həm kişilərin, həm də qadınların yarışında eyni sayda - 65 idmançı mübarizə aparacaq. Bütün seçmə mərhələlərdən azad olan Azərbaycan Avropa oyunlarına 2 kişi və 2 qadın idmançı ilə qatılacaq.

- Bəs Triatlon Federasiyasının tərkibi müəyyənləşibmi?
- Burada müəyyən proseduralar var. Qurumda prezident, vitse-prezident və baş katib seçimləri olmalıdır. Mən hələlik icraçı-direktoram. Bəzi hüquqi sənədlərdə isə İdarə Heyətinin rəhbəriyəm.

- Komandamızı Bakı-2015-ə hansı məşqçinin hazırlayacağına aydınlıq gəlibmi?
- Bu müddətdə artıq xeyli işlər görmüşük. Məşqçilər korpusu formalaşıb. Baş məşqçi vəzifəsinə təkcə postsovet ölkələri deyil, bütün Avropada tanınan Sergey Yatsenkonu gətirmişik. Rusiya vətəndaşıdır. Türkiyə və Rusiyadan olan həmkarlarımızla danışıqlar aparmışıq. Bu idman növündə tanınmış bir sıra mütəxəssislərlə, o cümlədən idmançılarla görüşümüz olub. İndiki, hətta keçmiş rəhbərlərlə, məmurlarla görüşlər keçirdik. Bütün bunların nəticəsində seçimimizi Yatsenkonun üzərində saxladıq. O, özü keçmiş triatlonçudur. Mütəxəssis kimi özünü sübut edib, dünya çempionları yetişdirib. Artıq işə başlayıb. Onun əlinin altında məşqçilər heyəti də olmalıdır. Burada hər sahə üzrə - üzgüçülük, velosiped və qaçış üzrə çalışdırıcılar yer almalıdır. Yəni, ən azı 3 köməkçisi olmalıdır. Amma planlarımız böyükdür. Bu yaxınlarda Bədən Tərbiyəsi və İdman Akademiyasına müraciət etdik, rektorla razılaşdıq ki, onlar bizə triatlon üzrə məşqçilik sertifikatı almaq istəyənlərin siyahısını təqdim etsinlər. Bu 3 sahədən hər hansı biri ilə bağlı olan, lakin triatlona da maraq göstərənləri sıralarımıza qəbul etmək istəyirik.

- Həmin məşqçilər üçün xüsusi kurslar təşkil olunacaq?
- Onlar məşqçi seminarlarında iştirak edəcəklər. Bu siyahıda tələbələr, məzunlar, hətta akademiyanın özündə çalışanlar da ola bilər. Onlar bu treninqlərə cəlb ediləcəklər. Avropadan xüsusi mütəxəssislər gələrək, onlara 1 həftə seminarlar keçəcək. Ən azı 1 həftə ərzində həmin insanlara ATİ-nin təsdiqlədiyi sertifikatlar veriləcək. Lakin bundan sonra da həmin şəxslər təkmilləşməlidir. Bunun üçün Azərbaycanın bir çox yerlərində, xüsusilə, Bakıda elə bir yerlər təşkil edəcəyik ki, burada həmin məşqçilər triatlona maraq göstərənləri qəbul edib, hazırlayacaqlar.

- Triatlonçuların hazırlıq keçəcəkləri məkan da müəyyənləşibmi?
- “Şağan” Olimpiya Kompleksinin bir hissəsi federasiyanın sərəncamına baza kimi verilib. Bunun idman obyektinə hansısa çətinliyi yoxdur və onlar əvvəlki qaydada işlərini davam etdirirlər. Yatsenko və məşqçilər korpusu burada işləyəcək. Digər çalışdırıcılar da kəşf edəcəkləri idmançıları onun yanına yollayacaqlar. Yəni, 3 tərəfli iş gedəcək və “Şağan”da da bunun üçün hər şərait yaradılıb.

- Hazırda Azərbaycanda idmanın bu növü ilə məşğul olan neçə idmançı var?
- Artıq burada kiçik bir qrup məşqlərə başlayıb. Gənc idmançılarımızın sayı az olsa da, onlar bir neçə aydır hazırlıqlara başlayıblar. Cəmi 5 nəfərdir. Onlardan birini Avropa Oyunlarına sifariş etməyi düşünürük. Yatsenko kimi səviyyəli bir mütəxəssis bu 5 nəfərdən birinin həmin yarışa qatıla biləcəyini deyir. Qarşıda il yarım vaxtımız var. Həmin idmançının üzərində çalışıb, Bakı-2015-ə hazır edə biləcəyik.

- Həmin bir nəfər hansı idman növü ilə məşğul olaraq, komandaya cəlb olunub?
- Triatlonun belə bir xüsusiyyəti var ki, əsas üzgüçülükdən başlayır. Gənclərin də seçimi buradan start götürür. Yəni, üzgüçülüyü bacarırsa, triatlonla məşğul ola bilər. Ardınca atletika və velosiped idmanını da bacaracaq. “Şağan”la yanaşı, “Sərhədçi”də də məşq edirlər. Həmin 1 nəfərin yaşı 20-dən yuxarıdır. Yaxşı idmançıdır. Ümumilikdə isə bu 5 nəfərin bütün məişət problemini həll edirik. Onlar gələcəkdə də triatlonumuz üçün bazadır. Lakin bununla kifayətlənmək fikrimiz yoxdur. Onlarla belə idmançımız olmalıdır. Triatlonu düşündüyümüzdən də populyar etməliyik. Ölkənin idman siyasəti, prezident İlham Əliyevin idmanı populyarlaşdırmaq siyasəti var. 20 ildən artıqdır ki, müstəqil olsa da, həm medal sayında, həm Olimpiya Oyunlarında və həmçinin digər mötəbər yarışlarda fantastik nəticələrimiz var. Bizim də federasiyanın iddiaları böyükdür. Biz də bu siyasətə qoşulmaq istərdik. Triatlonu ümumi istiqamətə qoşulub, populyar olmasını istəyirik. Ölkədə tanınan, cəlbedici və hər bir gəncin məşğul ola biləcəyi idman növü olmasını hədəfləyirik. Triatlon bir həyat tərzidir. Bu bir çox idman növlərindən fərqlənir. Bu həm idmandır, bir çox ölkələrdə isə elitar növ sayılır. Avropada hər yarışı izləmək üçün 10, 100 minlərlə insan gəlir.

- Bəs mətbuatla işləməyi necə planlaşdırırsız?
- Artıq “facebook”da öz səhifəmiz var. Hər cür tənqidi qəbul edəcəyik. Siz bunu deyin, biz də bilək ki, nə var nə yox. triatlon.az saytımız yaradılır. Yanvardan işə başlayacaq saytın bölmələrində bütün lazımı məlumatlar yer alacaq.

- 4 idmançı ilə təmsil olunacağımız Bakı-2015-də 1 atletimizin olduğunu vurğuladız. Bəs digər 3 yerlə bağlı nə düşünürsüz?
- İşə sıfırdan başladığımız üçün birdən-birə belə böyük yarışa idmançı sifariş etmək bizə çətindir. Bu idman növlərində daha inkişaf etmiş qonşularımızla əlaqələrimiz nəzərə alsaq, həmin ölkələrdən olan idmançıların millimizin şərəfini qoruması istisna deyil. Bütün variantları müzakirə edirik. Hər adam bu 3 idman növü ilə birdən məşğul ola bilmir. Bu iddialı insanların idman növüdür. Belələrini tapıb cəlb etmək lazımdır.