17:54 10-12-2013
news_image
906
DİGƏR NÖVLƏR

Əvvəl Bakı-2015, ardınca Rio-de-Janeyro!

“Avropa Oyunlarının Təşkilat Komitəsinə artıq triatlon üzrə mütəxəssis də cəlb olunub. İngiltərəli olan bu şəxs artıq işə başlayıb. Məsələn, digər idman növləri üzrə yarışlar bir stadionda, bir arenada olur. Triatlonda isə həm küçə, həm dəniz, həm texnika, həm də könüllülər də lazımdır”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan Triatlon Federasiyasının icraçı-direktoru Azər Məhərrəmov deyib.

O bildirib ki, Bakı-2015-in təşkilat Komitəsinə cəlb olunan mütəxəssis ilyarımda işlərin yoluna qoyulmasına, marşrutun seçilməsinə nəzarət edəcək: “O, marşrut seçəndə Bakının gözəllikləri də nəzərə alınmalıdır. Çünki ölkəmiz üçün bir reklamdır. Ümumilikdə isə marşrut seçilib. Amma detalları hələ açıq qalıb”.

Məhərrəmovun sözlərinə görə, 2014-də Gənclər İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ilə birgə test yarışları keçirmək niyyətləri də var. Federasiya rəsmisi bunun beynəlxalq xarakter daşıyacağını da deyib: “Bakı-2015-dəki marşrut sanki burada sınaqdan keçiriləcək. Burada nə çatışmazlıqlar olsa, Avropa Oyunlarına kimi onu aradan qaldıracağıq. Mənim subyektiv fikrimdir ki, atletlərimizin debütü Bakıdakı test yarışlarında olsun. Buna haradasa 1 ildən az vaxtımız var. Həmin günədək təlim-məşq toplanışları keçiriləcək. 2 istiqamətimiz var. Birincisi Bakı-2015-də inamlı çıxış, ardınca Rio-de-Janeyroya lisenziya almaqdır. İkincisi vətənpərvərlik ruhundadır. Bu, 3-5 ilə də ola bilər. Çünki artıq öz gənclərimiz də bu idman növündə kütləviliyi təmin edəcək”.

Məhərrəmov triatlonda Olimpiadaya lisenziya şərtlərinə də aydınlıq gətirib: “Burada lisenziyalar xallara müvafiq verilir. Zaman elan olunur və həmin yarışlarda reytinq xalı yığmaqla atlet vəsiqəsini rəsmiləşdirir. Rio-de-Janeyro üçün hələ bu açıqlanmayıb”.

İcraçı-direktor Bakı-2015-in də Braziliyada keçiriləcək Olimpiadaya lisenziya xalı vermək şansına toxunub: “Bu, ola bilər. Bunun üçün işlər gedir və ümidvarıq ki, elə də olacaq”.

O bildirib ki, ölkəmizdə üzgüçülük, velosiped və atletika federasiyaları ilə fəaliyyətə də artıq başlayıblar: “Onlarla əlaqələr qurmuşuq. Burada öz idman növlərində aparıcı mütəxəssisləri işə cəlb etmişik. Bəzən onların 2 yerdə işləməsi də mümkündür. Bir sözlə, daha iddialı, daha güclü idmançılar özünü 1 idman növündə sübut edənlər bundan sonra triatlon keçə bilər. Çünki bu daha ciddidir və sevilən idman növləri sırasındadır”.