12:42 13-12-2013
news_image

Dünya çempionu Azərbaycana gəlmək üçün nazirlə görüşdü

Bolqarıstan millisinin güləşçisi Stanka Zlatevanın Azərbaycana gəlişi reallaşa bilər. Apasport.az saytının məlumatına görə, 5 qat dünya çempionunun ölkəmizdə məşq etmək istəyinə düşməsi dövlət səviyyəsində müzakirəyə çıxarılıb.

Belə ki, Bolqarıstanın gənclər və idman naziri Mariana Georgiyeva, Güləş Federasiyasının prezidenti Valentin Yordanov və Zlateva arasındakı görüşdə məsələnin müsbət həlli yolu axtarılıb. Güləşçi bir daha şəxsi məşqçisi, Azərbaycanın sərbəst güləş millisinin baş məşqçisi Semyon Şterevin rəhbərliyi altında hazırlıq keçmək istəyini bəyan edib. Federasiya isə hər hansı idmançının ölkə xaricində maksimum 40 təlim-məşq toplanışına qatılmasına pul xərcləyə bilər. Bu məsələdə yeganə istisna o halda mümkündür ki, nazirlik həmin atletin xərcləri üçün əlavə vəsait ayırsın. Buna Bolqarıstanda bir neçə nümunə var. Georgiyeva belə istisnalardan birinin də Zlateva olması üçün çalışacaqlarını deyib.

Məsələ ilə bağlı yaxın günlərdə qərar verilməlidir. Ölkəsini karyerasını bitirməklə hədələyən güləşçinin əgər dönüşü baş tutarsa, Olimpiadada çıxışından 16 ay sonra 2014-cü ildə keçiriləcək dünya çempionatında mübarizəyə qoşula bilər. Əks halda isə o Bolqarıstan millilərindən birinin məşqçilər korpusunda yer alacaq.