16:35 16-12-2013
news_image

Millimizin baş məşqçisi: O, karyerasını başa vurmayıb, ana olub

“Komandamızın Almatı turnirindəki çıxışını uğurlu hesab edirik. 7 boksçumuzdan beşi vətənə medalla döndü. Ümümkomanda hesabında isə Qazaxıstan və Rusiyadan sonra 3-cü yeri tutduq. Çin, Qırğızıstan, Tacikistan, Cənubi Koreya kimi ölkələri geridə qoya bildik”. Apasport.az saytının məlumatına görə, bunu boks üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Şamil Məmmədbəyov deyib.

Mütəxəssis Boks Federasiyanın rəsmi saytına bu yaxınlarda başa çatan Almatı turniri və gələcək planlar haqda danışıb. O, əvvəlcə Qazaxıstanda təşkil olunmuş əməkdar məşqçi Menqerey Xayrutdinovun xatirəsinə həsr olunan turnir barədə məlumat verib: “Bu yarışda gümüş medal qazanan Yana Alekseyevanı xüsusilə qeyd etmək istərdim. Onun hər üç rəqibi güclü, təcrübəli boksçular idi. Alekseyeva final qarşılaşmasında da yaxşı təsir bağışladı. Sadəcə hakimlər qələbəni yerli idmançıya verdilər. Aynur Rzayevaya gəlincə isə, o, təlim-məşq toplanışlarında da özünü yaxşı tərəfdən göstərirdi. Baxmayaraq ki, 8 kq çəki atdı, amma Aynur əksər döyüşlərdə rəqibləri qüvvətli zərbələri hesabına məğlub etdi. Yeri gəlmişkən, bizə yaradılan şəraitə görə Azərbaycan Boks Federasiyasına təşəkkür edirəm. Qadın boksunun inkişafı üçün federasiya rəhbərliyi əllərindən gələni edir. İl ərzində 12 təlim-məşq toplanışı keçdik. 6 beynəlxalq turnirdə iştirak etdik ki, bu da gənc qızların təcrübə toplaması baxımından çox vacibdir”.

Millimizin çalışdırıcısı 2013-cü ili qadın boksçular üçün uğurlu sayır: “Bu ilki nəticələri qənaətbəxş saymaq olar. Alina Hacıyeva gənclər arasında Avropa birinciliyində bürünc medala layiq görüldü. Əzizə Abbasova, Leyla Cavadova, Yana Alekseyeva, Anna Əlimardanova, Anaxanım Ağayevanın müxtəlif beynəlxalq turnirlərdə uğurla çıxış etmələri bizi ümidləndirir. İnanırıq ki, 2014-cü ildə nəticələrimiz daha yaxşı olacaq. Həm də nəzərə almaq lazımdır ki, gələn ilin oktyabrında bizi Kanadada dünya çempionatı gözləyir. Eləcə də, Çində yeniyetmələrin ikinci Olimpiya oyunları var. Avqustda keçiriləcək yeniyetmələrin Olimpiadasına Alina Hacıyeva və Məryəm İsmayılova hazırlaşacaqlar”.

Dünya çempionatının gümüş mükafatçısı, London Olimpiadasının iştirakçısı Yelena Vıstropova London Olimpiadasindan sonra heç bir turnirdə iştirak etməyib. Məmmədbəyov təcrübəli boksçunun karyerasını başa vurmadığını bildirib: “Lena bu yaxınlarda ana oldu. Vıstropovanın oğlu dünyaya gəldi. Bu səbəbdən də boksçumuz bir müddət məşq prosseslərindən kənarda qalıb. Ancaq gələn ilin ortalarında Vıstropovanın məşqlərə başlaması nəzərdə tutulur. İki beynəlxalq turnirdən sonra planlaşdırırıq ki, Lena gələn dünya çempionatında da iştirak etsin. Yəqin ki, o yeni çəki dərəcəsində mübarizə aparacaq”.