17:40 16-12-2013
news_image
2315
DÖYÜŞ NÖVLƏRİ

Fariz Məmmədov döyüşü niyə yarımçıq saxlayıb?

“Hazırlığım yüksək səviyyədə keçmişdi. Demək olar ki, karyeramın ən yaxşı formasında idim”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycanı və “Qəbələ”ni peşəkar rinqdə təmsil edən Fariz Məmmədov Mattias Pelklə döyüşdən sonra söyləyib.

Avropa çempionluğu uğrunda görüşdə Almaniya təmsilçisi ilə döyüşü başa vura bilməyən idmançı gabalafc.az-a bunun səbəblərini açıqlayıb: “İdmanda gözlənilməyən, plandankənar hadisələr olur. Təəssüf ki, döyüşə 2 həftə qalmış çiynimdən ağır zədə aldım. Sağ çiynimin bağları qopdu. Zədədən sonra həkimlər mənə döyüşməməyi məsləhət gördülər. Hətta buna qadağa qoydular. Amma müqavilələr bağlanmışdı, Almaniyadan promouter ölkəmizə gəlmişdi. Həm də çempionluq, kəmərə sahib olmaq həvəsim qarşısıalınmaz idi. Düşündüm ki, zədə 2 həftəyə sağalar. Müxtəlif tibbi vasitələrin köməkliyi ilə zədəmin bərpa olunacağını fikirləşdim. Əsasən də öz xarakterimə güvəndim. Amma bu 12 raundluq peşəkar boksdur. Zədə özünü 2-ci rounddan sonra biruzə verdi. Artıq 3-cü raundda özümü hiss etmirdim. Ağrılarım hədsiz şiddətli idi. Ona görə də döyüşü sona çatdıra bilmədim”.

Məmmədov bir müddət sonra revanş döyüşünün keçirilməsinin mümkünlüyündən də bəhs edib: “Müəyyən müddət sonra Mattias Pelklə revanş matçına çıxmağı planlaşdırıram. Pelk döyüşdən sonra mənimlə Almaniyada revanşa hazır olduğunu söyləyib. Yəqin ki, onunla yenidən üz-üzə gələcəyik. Yanvar ayında görüşün tarixi dəqiqləşəcək. Dekabrın sonunadək zədəmin bərpası ilə məşğul olacağam. Bərpa prosesinin ardından məşqlərə başlayacağam. Fevralın əvvəlində sınaq xarakterli reytinq döyüşünə çıxmağı planlaşdırıram. Daha sonra matç-revanşa hazırlaşacağam. Mənə dəstək verən hər kəsə səmimi təşəkkürümü bildirirəm. Söz verirəm ki, məğlubiyyətin əvəzini çıxmaq üçün əlimdən gələni edəcəyəm”.