11:56 18-12-2013
news_image
1335
DÖYÜŞ NÖVLƏRİ

FİLA güləş qaydalarını dəyişdi

Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) çəki dərəcələrində, qaydalarda və yarışların keçirilmə formatında dəyişiklikləri açıqlayıb. Apasport.az-ın məlumatına görə, FİLA rəsmi saytı vasitəsilə bu dəyişikliklərin 2014-cü il yanvarın 1-dən qüvvəyə minəcəyini elan edib.

Bu idman növünün daha maraqlı və cəlbedici olması üçün addımlar atan qurum seçimlərdə bir sıra mütəxəssislərin rəyini əsas tutub. Yeniliklər Rio-de-Janeyro-2016-da da qüvvədə olacaq.

Belə ki, 4 illiyin ən nüfuzlu yarışında sərbəst güləşçilər 57 kq, 65 kq, 74 kq, 86 kq, 97 kq və 125 kq çəki dərəcələrində mübarizə aparacaq. Yunan-Roma güləşində 59 kq, 66 kq, 75 kq, 85 kq, 98 kq və 130 kq çəki dərəcələri üzrə qaliblər müəyyənləşəcək. Qadın idmançıların mübarizəsi isə 48 kq, 53 kq, 58 kq, 63 kq, 69 kq və 75 kq çəki dərəcələri üzrə olacaq. Digər yarışlarda FİLA hər növdə 2 əlavə çəki dərəcəsi də tətbiq edəcək.

Güləşin qaydaları da müəyyən dəyişikliklərə məruz qalıb. Təmiz qələbə üçün sərbəst güləşdə 10 xal fərqə, yunan-Roma güləşində isə 8 xala nail olmaq lazımdır. Birincilər hər aşırmada 4 xal qazanacaq, ikincilərdə bu qədər xal rəqibi saxlama fəndi və aşırma üçün veriləcək. Rəqibə effektli fənd tətbiq etməyə 5 xal veriləcək. Hakimin fitindən öncə mübarizəyə başlamaq indiki kimi 2 deyil, 1 xalın silinməsi ilə əvəz olunub. Yunan-Roma güləşində hesab 0:0 olarsa, sonuncu xəbərdarlıq alana məğlubiyyət veriləcək. Bundan başqa, komanda yarışlarında qələbənin hesablanması qaydalarını da yenidən müzakirə olunub.

Qeyd edək ki, buna kimi Olimpiadada sərbəst və Yunan-Roma güləşçiləri 7, qadın idmançılar 4 çəki dərəcəsində qalibi müəyyənləşdirirdilər.