09:19 20-12-2013
news_image
762
DİGƏR NÖVLƏR

“Avropa və İslam Həmrəyliyi Oyunları həm Avropanı, həm də İslam aləmini yaxınlaşdıracaq”

"Biz Azərbaycanda ilk dəfə olaraq dağ xizəyi kurortunun yaradılmasına nail ola bilmişik. “Şahdağ” kurortunun yaradılması Azərbaycanda turizmin inkişafına xidmət göstərir. Eyni zamanda, ölkəmizin imkanlarını göstərir”. Apasport.az saytının məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Qusarda “Şahdağ”, “Pik Palas” otellərinin açılışında və 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.

Dövlət başçısının sözlərinə görə, dünya miqyasında, Avropada dağ xizəyi kurortları arasında Şahdağ artıq öz layiqli yerini tutub: “Daxili turizm çox sürətlə inkişaf edir. Ancaq biz çalışmalıyıq ki, xarici qonaqlar da bu imkanlardan istifadə etsinlər. Onsuz da Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Əminəm ki, qış kurortlarına da xarici qonaqlar gələcək. Eyni zamanda, deyə bilərəm ki, bu layihə Qəbələ rayonunda da dağ xizəyi kurortunun yaradılmasına təkan verib. Orada da artıq kurort hazırdır və xizək idman növündən istifadə etmək mümkün olacaq”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın sürətli inkişafı bütün sahələri əhatə edir. Dövlət başçısının sözlərinə görə, “Şahdağ” layihəsi ölkənin turizm sektoruna qoyulan ən böyük sərmayədir: “Bizim ən böyük dövlət sərmayəmiz Qusar rayonunun turizm potensialına qoyulub və qoyulacaq. Bu, eyni zamanda, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı deməkdir. Bu kurortun fəaliyyətə başlaması yüzlərlə, gələcəkdə isə minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracaq. Burada fəaliyyət göstərən qurumlardan tələbim və xahişim ondan ibarətdir ki, yerli insanları bu işlərə daha çox cəlb etsinlər, Qusarda və ətraf rayonlarda yaşayan vətəndaşlar işlə təmin olunsunlar”.

Dövlət başçısı qeyd edib ki, bu kurortun yaradılması bir neçə məqsədi güdür: “Bu, bizə qeyri-neft sektorunun, turizmin inkişafı, ölkəmizi dünyada daha da dolğun şəkildə tanıtmaq imkanlarını yaradır. Bu, Azərbaycan vətəndaşları üçün çox gözəl şərait yaradır. Çünki mən bilirəm ki, xizək idman növü Azərbaycanda populyarlaşır və vətəndaşlarımız xarici ölkələrə üz tuturlar. Artıq Azərbaycanda dünyanın ən yüksək standartlarına cavab verən gözəl bir yer var”.

2013-cü il Azərbaycan idmanı üçün uğurlu il olduğunu bildirən prezident İlham Əliyev 2012-ci ildə Olimpiya Oyunlarında qazanılmış qələbələrin 2013-cü ildə davam etdiyini qeyd edib. “Azərbaycan idmançıları Tələbələrin Yay Universiadasında böyük uğurlara imza atıblar - komanda hesabında 15-ci yerə layiq görülüblər, 16 medal qazanıblar. Ümumiyyətlə ölkə idmançıları 780-dən çox medal qazanıblar ki, onlardan 280-ni qızıl medaldır. Eyni zamanda, Olimpiya idman növləri üzrə dörd dünya çempionumuz olub. Bu da çox böyük göstəricidir”.

“Azərbaycan idman dövlətidir. Bunu artıq dünya idman aləmi etiraf edir, qəbul edir. Əlbəttə ki, idmanın dayanıqlı inkişafı üçün çox böyük işlər görülür. Azərbaycanda mütəmadi qaydada beynəlxalq yarışlar, dünya, Avropa çempionatları keçirilir. Yeniyetmələr, gənclər idmana böyük maraq göstərirlər. İndi idmanla məşğul olmaq üçün bizim gözəl imkanlarımız var. Qırx regional olimpiya mərkəzi fəaliyyət göstərir. Bölgələrdə beş mərkəz tikilməkdədir, beş mərkəzin tikintisi nəzərdə tutulub. Beləliklə, bölgələrdə Olimpiya komplekslərinin sayı 50-yə çatacaq. Bakıda böyük idman qurğuları tikilir. Hazırda 65 minlik Olimpiya Stadionu, Böyük Su İdman Növləri Sarayı, Gimnastika Mərkəzi, Stend Atıcılığı Mərkəzi tikilir. Yəni, bunlar böyük infrastruktur layihələridir, Azərbaycanda istənilən beynəlxalq yarışın keçirilməsi üçün imkan yaradan infrastrukturdur”, deyə prezident bildirib.

2014-cü ildə birinci Avropa Oyunlarına hazırlıq işlərinə toxunan prezident İlham Əliyev daha da böyük addımların atılacağını qeyd edib: “Çünki gələn il oyunlara hazırlıq üçün həlledici il olacaq. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi dövlətimizin, xalqımızın böyük qələbəsidir. Bu, tarixdə qalacaq. Biz elə etməliyik ki, bu oyunlar ən yüksək səviyyədə keçirilsin”.

Prezident İlham Əliyev bu günədək Avropa Oyunlarının keçirilmədiyini qeyd edib: “Avropa Oyunlarının tarixi yoxdur, baxmayaraq ki, Olimpiya hərəkatı Avropada yaranıb və Avropada bərpa edilib. Ona görə Avropa Oyunlarının hansı standartlara cavab verəcəyini biz müəyyən edəcəyik. Bizim standartlar artıq oyunlar başa çatandan sonra Avropa Oyunlarının standartları kimi qəbul ediləcək. Biz isə istəyirik ki, bu oyunları ən yüksək səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçirək və buna imkan var. O vaxta qədər bizim idman obyektlərimiz tam hazır olacaq. Eyni zamanda, Əl Oyunları Sarayında, Heydər Əliyev İdman Mərkəzində əsaslı təmir işləri aparılır. Bakıda artıq ona yaxın beşulduzlu otel fəaliyyət göstərir. Dünyanın bütün aparıcı otel şirkətləri Azərbaycandadır. Yol infrastrukturu yeniləşir, təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilir. Əminəm ki, Azərbaycanda bütün texniki məsələlər yüksək səviyyədə həll olunacaq. Çünki biz artıq dünya və Avropa çempionatlarının keçirilməsində böyük təcrübə toplamışıq”.

Dövlət başçısı Avropa Oyunları Avropanın, dünyanın diqqətini çəkən oyunlar olacağına əmin olduğunu bildirib: “Ona görə biz çalışmalıyıq ki, bu oyunları ən yüksək səviyyədə keçirək. Əminəm ki, biz buna nail olacağıq. Təşkilat Komitəsi yaranmışdır. Təşkilat Komitəsi fəal işləyir. Biz tanınmış idmançılarımızı da bu işlərə cəlb etməliyik ki, onlar da, könüllülər də fəal iştirak etsinlər. Bir sözlə, gələn il bu oyunlara hazırlıq üçün həlledici il olacaq. Ondan iki il sonra - 2017-ci ildə Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Azərbaycan yeganə ölkə olacaq ki, həm Avropa, həm İslam Həmrəyliyi Oyunları keçiriləcək”.

Prezident həmçinin bu oyunların həm Avropanı, həm İslam aləmini biri-birinə daha da yaxın edəcəyinə əmin olduğunu bildirib: “Biz bu məsuliyyəti öz üzərimizə götürmüşük. Dünyanı, qitələri, xalqları, sivilizasiyaları birləşdirən ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə mövcud olan xoş əhval-ruhiyyə, xoş niyyət, dözümlülük, mehribanlıq bu gün artıq dünya ictimaiyyəti tərəfindən təqdirlə qeyd edilir. Çoxsaylı forumlar, humanitar forumlar, iqtisadi, siyasi tədbirlər keçirilir”.