10:10 24-12-2013
news_image
1174
DİGƏR NÖVLƏR

“Bu, qış idman növləri üçün təkan olacaq” - MÜSAHİBƏ

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin apasport.az saytına müsahibəsi

- İdman ictimaiyyəti artıq 2013-cü ilə yekun vurdu. Tarixin yaddaşına köçməkdə olan ili necə dəyərləndirərdiniz?
- İli fərəh hissi ilə yola salırıq. Azərbaycan idmançıları üçün uğurlu alındı. Hər zaman olimpiadadan sonrakı il medal sarıdan kasad olur. Ancaq 2013-cü il medallarla zəngin oldu. 800-dək medal qazandıq. Olimpiya növü üzrə 4 dünya çempionumuz oldu. Dövlət başçısı həmişə ilə Milli Olimpiya Komitəsinin inzibati binasında yekun vururdu. Bu dəfə isə idmançılarla dağda, yüksəklikdə görüşdü. Həmçinin, ilə yekun vurmaqla, bizim üçün ən vacib olan Bakı-2015-ə hazırlıq dövrünə başlayırıq. Bilirsiniz ki, bizdə gələn il bir çox idman növləri üzrə sınaq yarışları keçiriləcək. Ümumiyyətlə, 2014-cü ildə bizi çox böyük tədbirlər gözləyir. Yeni ilin Avropa Oyunları ərəfəsində bizim üçün ən vacib illərdən biri olacağını hesab edirəm. Ümidvaram ki, 2014-cü ili də inamla başa vuracağıq. Prezidentimiz bir neçə gün öncə idmançılarla görüşdə qeyd etdi ki, həqiqətən Azərbaycanda idmanın inkişafı çox yüksək səviyyədədir və idman ölkəsidir. Artıq deyə bilərik ki, bizdə nəinki Yay Olimpiya növləri üzrə, hətta Qış Olimpiya növləri üzrə də müəyyən uğurlar gözlənilir. Qarşıda bizi Soçi Qış Olimpiya Oyunları, ardınca Avropa Oyunlar gözləyir. Sonra 2016-cı ildə Rio-de-Janeyroda Azərbaycan yeni rekordlara nail olacaq.

- Bildirdiz ki, idmançılar yüksəklikdə mükafatlandırıldı. Bu, yeni istifadəyə verilən Şahdağ Kompleksində baş tutdu. Sizcə, həmin görüş qış idman növləri üçün təkan ola bilərmi?
- Əlbəttə. Bu, qış idman növləri üçün təkan olacaq. Çox yüksək səviyyədə qurulmuş bazadır. Amma yeganə də deyil. Bizdə belə bazalar bir çox yerlərdə olacaq. Artıq Qəbələdə və Qusarda mövcuddur. Şərait olaraq, biz belə bazalar hər yerdə olacaq. Azərbaycanın əsas məqsədi Olimpiadada təkcə iştirak etmək deyil. Düzdür, iştirak vacibdir. Amma biz Olimpiadalarda həmişə qalib olmaq istəyirik. Necə ki, bu vaxta kimi olmuşuq, bundan sonra da olacağıq.

- Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançasının salınması gündəmdə idi. Bu nə vaxt reallaşacaq?
- Həmin arena 2015-ci ildə baş tutacaq Avropa Oyunlarına görə hazırlanır. Bu yarışdan sonra biz bu məsələlərə qayıda bilərik.

- 2013-cü ildə Olimpiya növü üzrə 4 dünya çempionumuz olsa da, ilin yekunları ilə bağlı açıqlanan “Qızıl onluq”da onlardan biri – Valentin Demyanenkonun adına rast gəlmədik. Mundialın 4 qat qalibi olan avarçəkənin siyahıya düşməməyinin səbəbi nə idi?
- Sözün düzü, bunu mən dəqiq deyə bilmərəm. Yəqin ki, biz Demyanenkonun qızıl medallarına çox adət etmişik. Bu, birinci dəfə deyil, 4-cü dəfədir. Həm də, bəlkə hazırda Bakıda yoxdur və bunu da nəzərə alıblar. Bilirsiz ki, bu “onluğu” Gənclər və İdman Nazirliyi müəyyən edir. Çox güman, hamı Demyanenkonun hər bir yarışda qızıl medal alacağını düşünür və biz də buna artıq adət etmişik.

- Sizcə, idmançının bu yaxınlarda avtomobil qəzasına düşməsinin bir rolu olmayıb?
- Mənim ondan xəbərim yoxdur.