15:55 24-12-2013
news_image
1288
STOLÜSTÜ OYUNLAR

“Bu, karyeramda ən vacib turnirdir” - MÜSAHİBƏ

Azərbaycan yığmasının şahmatçısı Şəhriyar Məmmədyarovun apasport.az saytına müsahibəsi

- Bu il Qran-pri turnirində qalib gəldiniz, iddiaçıların turnirinə vəsiqə qazandınız. Həmçinin, rapid üzrə dünya çempionu olduz və milli ilə Avropanın ən güclüsü adını qazandız. Hansı titul daha çox yadda qaldı?
- İlin sonunda Pekində Ümumdünya İntellektual Oyunlarında qazandığım nailiyyət də mənim üçün çox vacib idi (gözübağlı, gümüş medal). Ondan əlavə, Cenevrədəki Masters turnirini də qələbə ilə başa vurdum və bu da vacibdir. Ancaq fikirləşirəm ki, əsaslarını saydız. Həqiqətən bu il çıxış etdiyim yarışlarda hansı adlar vardısa, qazanıldı. İli öz adıma, yəni Azərbaycan şahmatı adına, bəlkə də mənim karyeramda zəka sahiblərimiz üçün uğurlu oldu.

- Bu il qazandığınız qələbələrdən hansınısa fərqləndirə bilərsizmi?
- Rapid üzrə dünya çempionu oldum. Bu, Azərbaycanın kişilər arasında qazandığı ilk nailiyyətdir. Sözsüz ki, Qran-prinin qalibi olmağım da böyük uğurdur. Buradan dünya çempionatına vəsiqə qazandım. Bunlar hamısı mənim üçün əvəzolunmaz nəticələrdir. Yığmamız 2-ci dəfə Avropa çempionu oldu. Bununla da son 4 qitə birinciliyinin hamısında medal qazandıq. Belə bir nəticə heç bir zaman olmayıb. Hətta Rusiya yığması da bunu bacarmayıb. Çox inanılmaz nəticələrdir.

- Yeni ildən nə gözləyirsiniz? Əsas planlarınız və hədəfləriniz nədir?
- 2014-cü ilin mart ayında iddiaçılar turnirində oynayacağam. Bu, bəlkə də karyeramda ən vacib turnirdir. Kazanda da oynamışdım, amma bu dəfə Xantı-Mansiysdə 7-8 nəfər və 14 oyun olacaq. Yəni hər bir rəqiblə 2 görüş baş tutacaq. Çox çətin olacaq. Yarışın hazırlıqlarına demək olar ki, noyabrdan başlamışam. Hələ martın 12-nə qədər vaxt var. Turnirdə çox yaxşı iştirakım üçün bütün hər şey ediləcək.

- Bununla yanaşı, Norveçdə baş tutacaq Olimpiadada da sizi ciddi sınaq gözləyir…
- Bəli, Şahmat Olimpiadası da vacib yarışdır. Bildiyiniz kimi, 2016-cı ildə Azərbaycanda keçiriləcək. Yarışın Bakıda olması 2014-cü il Olimpiadasının dəyərini bizim üçün daha da artırıb. Çünki paytaxtımızdan öncəki son yarışdır. Bundan sonra Azərbaycan Şahmat Federasiyası çox ciddi şəkildə fikirləşməlidir ki, Olimpiada üçün nə edilsin, hansı şahmatçılar və necə məşqlər olsun ki komandamız Bakıda çox uğurlu çıxış etsin. Fikirləşirəm ki, yeni ildə əsas bizim qarşımızda duran bu 2 yarış üçün vacibdir.