00:02 25-12-2013
news_image
1134
DÖYÜŞ NÖVLƏRİ

Teymur Məmmədov: Sözümü demişəm, yenə deyəcəm - MÜSAHİBƏ

Azərbaycan millisinin boksçusu Teymur Məmmədovun (91 kq) apasport.az saytına müsahibəsi

- Növbəti dəfə Azərbaycanda ilin ən yaxşı idmançıları arasında yer aldınız. Avropa və dünya çempionatlarında müvafiq olaraq, gümüş və bürünc medallar qazandığınız ili necə dəyərləndirərdiz?
- Bu il mənim üçün çox uğurlu oldu. Çünki iştirak etdiyim hər 2 mötəbər yarışdan vətənə medalla qayıtdım. Bəli, Minskdə Avropa ikincisi, Almatıda dünya üçüncü oldum. Buna yalnız sevinirəm və qarşıdakı illərdə bu nəticələrimi daha da yaxşılaşdırmağı planlaşdırıram.

- Artıq hər 2 yarışdan müəyyən müddət keçib. Heç analiz etmsizmi ki, Avropa və dünya çempionatlarında qızıl medal qazanmağına nə mane oldu?
- Bəli. Fikrimcə, əsas problemim çəki ilə bağlıdır. Döyüşdüyüm boksçularla müqayisədə çəkimiz arasındakı fərq 1-2 kq deyil, artıq 10 kq-a çatıb. Amma Allaha şükür edirəm ki, yenə mükafatçılar sırasında yer alıram və vətənə medalla qayıdıram.

- Çəkiniz həmişə problem olub. Bunu aradan qaldırmaq mümkün deyil?
- Artıq məşqçilər korpusu ilə məsləhətləşmişəm. Mən yeni ildən 91 kq-da deyil, 81 kq çəki dərəcəsində mübarizə aparacam.

- Bunu haradasa riskli addım da saymaq olar. Çünki müəyyən müddətdir mübarizə apardığınız 91 kq çəki dərəcəsində rəqiblərinizin çoxunu tanıyırsan, onların döyüş üslubuna bələdssiz...
- Bəli, hazırkı çəki dərəcəsində dünya reytinqində ikinciyəm. Hətta bundan öncə bir müddət lider oldum. Bundan sonra da yaxşı olacağına ümidim böyükdür.

- Yəni yeni çəkidə mübarizə aparmaqda hansısa problem görmürsüz?
- Mən özümə inanıram. Əgər 91 kq-da öz sözümü demişəmsə, burada da yenə deyəcəyəm.

- 2014-cü illə bağlı digər planlarınız barədə nə deyə bilərsiz?
- Hazırda da məşqlərimizi davam etdiririk. Lakin gələn il bizi elə də ciddi yarış gözləmir. Yəni, Avropa və dünya çempionatları yoxdur. Bunun üçün gələn il əsas hədəfimiz 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları var gücümüzlə hazırlaşmaq olacaq. Bundan əlavə, yığmamızın iştirak edəcəyi beynəlxalq turnirlərlə kifayətlənəcəm.

- Sizin bir müddət WSB liqasında mübarizə aparan “Baku Fires”də də çıxışınız gündəmdə idi. Bəlkə gələn il bu komanda da təcrübənizi artırasız...
- Mənim ilk növbədə əsas məqsədim Bakı-2015-də fəxri kürsünün ən yüksək pilləsinə yüksəlməkdir. Məşqlər və beynəlxalq turnirlərdə iştirak etməklə, diqqətimi yalnız yığmaya yönəldəcəm. Bu səbəbdən də WSB liqasında çıxış etməyəcəyəm.