17:55 26-12-2013
news_image
1490
DİGƏR NÖVLƏR

“Apasport.az” ən yaxşılar arasında

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2013-cü ilin idman laureatlarının adlarını açıqlayıb. Apasport.az xəbər verir ki, fərqlənənlər arasında saytımız da yer alıb.

Azərbaycan Dövlət Teleqraf Agentliyini idmanı ən yaxşı işıqlandıran informasiya agentliyi elan edən AİJA fərqlənən jurnalistlərin siyahısını da dərc edib. Belə ki, ilin idman jurnalistləri Səxavət Quliyev (AzərTAc), Rahib Səmədov("Olimpiya dünyası"), Ceyhun Əliyev ("Het-trik"), Saleh Salahov("Sportsman"), Elçin Cabbarov ("Respublika"), Elman Məmişov (İctimai TV) və Tuncay Türbəndəzadə (milli.az) olublar.

Rasim Mövsümzadənin "Bir qolun tarixçəsi" kitabı ilin idman üzrə kitabı seçilib.

İlin qəzetləri sırasında isə "Olimpiya dünyası", "Futbol+ ", "Azərbaycan", "525-ci qəzet" və "Zerkalo" fərqləniblər.

Laureatlar sırasında "İdman Azərbaycan" telekanalı, İctimai radio, apasport.az və mediaforum.az internet saytları da var.

Kristina İovu (ağır atletika, dünya çempionatının gümüş mükafatçısı), Yuliya Ratkeviç (güləş, dünya çempionatının bürünc mükafatçısı, "Qızıl qran-pri"nin və Yay Universiadasının qalibi), Fəridə Əzizova (taekvondo, dünya çempionatının bürünc mükafatçısı), Məhəmmədrəsul Məcidov (boks, dünya çempionu), Elxan Məmmədov (cüdo, dünya çempionu) və Valentin Demyanenko (kanoe, dünya çempionu) ilin idmançısı seçiliblər.

Şahmat üzrə milli komandamız, qadın voleybolçulardan ibarət "Rabitə" kollektivi və "Qarabağ" futbol klubu ilin komandası nominasiyasının qalibi olublar.

İlin idman telerejissoru Valeh Əhmədov (İdman Azərbaycan), ilin idman teleoperatoru Zaur Ağamir (İdman Azərbaycan), ilin fotooperatoru isə Fəxrəddin Abdullayev (Azəri Press Agentliyi- APA) seçilib.

Gənclər və İdman Nazirliyi idman idarəsinin rəisi Mirkamil Rəhimov ilin idman xadimi adına layiq görülüb.

Qeyd edək ki, apasport.az 3 il öncə də AİJA tərəfindən ən yaxşı sayt seçilib.