14:05 27-12-2013
news_image
3630
DİGƏR NÖVLƏR

Eldar İsmayılov: Elə mətbu orqanlar var ki... – MÜSAHİBƏ

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılovun apasport.az saytına müsahibəsi

- Öncə AİJA-nın yaranması və fəaliyyəti haqda qısa arayış verməyinizi istərdik...
- 1924-cü il iyulun 2-də Fransanın paytaxtı Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) yaradılıb. Daha sonra tədricən milli təşkilatlar təsis edilməyə başlayıb. Müstəqillikdən öncə SSRİ-də belə bir təşkilat vardı. AİJA isə 1995-ci ildən fəaliyyətdədir. 1997-ci ildən isə AİPS-in üzvüyük. AİJA 1996-cı ildən bəri müxtəlif nominasiyalar üzrə ilin qaliblərini açıqlayır. Sonucu tədbirimiz “Hilton” otelində baş tutdu. Seçimlərimiz tamamilə ədalətli və demokratik olur. Özü də, bunu təmənnasız edirik. Qaliblərin adını beynəlxalq qurumlara da göndəririk.

- AİJA-nın səlahiyyətlərinə nələr daxildir?
- AİJA Azərbaycanın KİV-də çalışan və müstəqil fəaliyyət göstərən yaradıcı insanların könüllü birliyidir. Təşkilatımızın səlahiyyətləri ancaq tövsiyə xarakterli ola bilər. Məsələn, “filan qəzet reketdir, filan qəzet filan işləri görür” kimi şeylər deməyə ixtiyarımız yoxdur. Bizim məqsədimiz idmanın işıqlandırılmasına dəstək verməkdir. Elə mətbu orqanlar var ki, baxırsan 80 ildir fəaliyyətdədir, ancaq idmandan bir xəbər də yazmırlar. Halbuki, bunu etmək onların borcdur. Elələrini bir neçə dəfə qınaq obyektinə çevirmişik və bu, öz nəticəsini verib. İkincisi, biz çalışırıq ki, dünya mediasının yeniliklərini Azərbaycana gətirək. 2012-ci ildə Bakıda beynəlxalq seminar keçirdik. Azərbaycandan 10-15 jurnalist vardı, yekunda sertifikat aldılar. Gələn il də həmin seminarı təşkil edəcəyik. Eyni zamanda, Rusiyadan sonra MDB məkanında ilk dəfə olaraq Azərbaycanda AİPS-in konqresi təşkil olunacaq.

- Son illər idman saytların sayında ciddi artım var. Onların hamısını izləyə bilirsiniz?
- Xeyr, ancaq oturuşmuş, sözünü deyən media orqanlarını diqqətdə saxlayırıq. Bilirsiniz, sel gələndə, özü ilə çox şey gətirir. Su çəkiləndən sonra təbiət özü hər şeyi tənzimləyir. Bu iş də elədir, yaxşılar qalacaq, pislər buxarlanacaq. Pis olanda nə olacaq ki? Oxumayacaqlar da. İstənilən sahədə qeyri-peşəkarlara yer yoxdur. İşini düzgün quran, öz dəsti olan media orqanları da var. APA İnformasiya Agentliyi, apasport.az saytı öndə gələnlərdəndir.

- İlin ən yaxşıları seçilərkən hansı meyarlar əsas götürülür?
- İlin ən yaxşılarını tək AİJA seçmir, bir çox qurumlar müxtəlif nominasiyalar üzrə ən yaxşıları müəyyənləşdirirlər. Hərənin öz meyarı var. Bilirsiniz, 5 nəfərin arasından 1-i seçiləndə, digər 4-ü mütləq narazı qalır. Bu işin qaydası belədir. Seçim edərkən maksimum diqqətli olub, hər şeyi nəzərə almağa çalışırıq. Bu işlə təkcə Eldar İsmayılov məşğul olmur ki. Bu sahədə çalışan mütəxəssislərin təkliflərini nəzərə alırıq, fikirlərini öyrənirik.