18:08 27-12-2013
news_image
981
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov üçün əcnəbi məşqçi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 2014-cü il İddiaçılar Turnirinə əcnəbi məşqçinin rəhbərliyi altında hazırlaşacaq. Bu barədə Lent.az-a Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov məlumat verib.

Lakin Məmmədov həmin mütəxəssisin adını açıqlamayıb: “Heç bir şahmatçı əməkdaşlıq etdiyi məşqçinin adını açıqlamır. Bu, çox məxfi saxlanılmalıdır. Çünki rəqibləri həmin məşqçinin kim olduğunu bilsələr, onun oyun üslubunu dərhal mənimsəyə və buna uyğun hazırlaşa bilərlər. Bu addımı qrossmeysterimizin daha yaxşı hazırlaşması üçün atmışıq”.

Növbəti İddiaçılar Turniri gələn il martın 12-də Rusiyanın Xantı-Mansiysk şəhərində start götürəcək. Martın 30-dək davam edəcək yarışda Məmmədyarovun rəqibləri Vladimir Kramnik, Dmitri Andreykin, Sergey Karyakin, Pyotr Svidler (hamısı Rusiya), Vişvanatan Anand (Hindistan), Veselin Topalov (Bolqarıstan) və Levon Aronyan (Ermənistan) olacaq.

Şahmatçımız İddiaçılar Turnirinədək heç bir yarışa qatılmayacaq. Bu isə onun oyun praktikasına mənfi təsir göstərə bilər. Elə məhz eyni səbəbdən, Teymur Rəcəbov bu il İngiltərənin paytaxtı Londonda keçirilmiş analoji turnirdə uğursuzluğa düçar olaraq, sonuncu yeri tutmuşdu. Lakin AŞF rəsmisi Məmmədyarovun cəmi 2 ay şahmat oynamayacağını bildirib: “Rəcəbov doğrudan da İddiaçılar Turniri öncəsi uzun müddət heç bir yarışda iştirak etməmişdi. Məmmədyarov isə bu yaxınlaradək müntəzəm oynayıb. O, cəmi bir həftə öncə Ümumdünya İntellektual Oyunlarını gümüş medalla başa vurub. Qarşıda isə təqribən 2 aylıq hazırlıq dövrü var və bu müddətdə oyun praktikasız qalması, fikrimcə, ona problem yaratmayacaq”.

Qeyd edək ki, İddiaçılar Turnirinin qalibi hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə üz-üzə gələcək.