17:58 29-12-2013
news_image
1086
DİGƏR NÖVLƏR

Velosiped İdmanı Federasiyasından bayram yürüşü

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Velosiped İdmanı Federasiyası Dənizkənarı Milli Park İdarəsi ilə birlikdə həvəskarlar üçün yürüş təşkil edib. Apasport.az saytının xəbərinə görə, Əl Oyunları İdman Sarayının yanından start götürən yürüşə müxtəlif yaş qrupları üzrə velosiped həvəskarları qatılıb.

Veloyürüşün əsl bayram ab-havasında keçməsi və iştirakçıların rahatlığı üçün Velosiped İdmanı Federasiyası tərəfindən bütün şərait yaradılıb. Velosipedi olmayanlar federasiya tərəfindən velosipedlə təmin edilib, kiçik yaşlı uşaqlar üçün əyləncəli proqram təşkil olunub, onlara yeni il hədiyyələri verilib. Xüsusən, Şaxta baba və Qar qızın tədbir iştirakçılarını təbrik etmək üçün şən musiqi sədaları altında 2 nəfərlik tandem velosipedlə finiş xəttinə gəlmələri hamı tərəfindən maraqla qarşılanıb.

Veloyürüşdə köynəklərin üzərində I Avropa Oyunları – Bakı-2015-in loqoları əks olunan Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku Cycling Project”in üzvləri də iştirak edib.

Komandanın üzvü Aqşin İsmayılov bildirib ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana, o cümlədən velosiped idmanının inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ənənəvi hal almış bu cür tədbirlər ölkəmizdə bu növə marağı artırmaqla yanaşı, sağlam həyat tərzini də təbliğ edir: “Bunun üçün velosiped həvəskarlarını bu idman növü ilə daha fəal şəkildə məşğul olmağa çağırıram”.

İsmayılovun ardınca millimizin velosipedçisi Elgün Əlizadə də xalqımızı Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edib. Yürüşün əla alındığını vurğulayan perspektivli idmançı bunu velosiped idmanının daha da kütləviləşməsi yolunda mühüm addım sayıb: “Federasiyamıza belə yürüşün təşkili üçün təşəkkürümü bildirirəm. Belə tədbirlərin tez-tez olması idmana marağın artması ilə nəticələnir və bu da çox gözəldir”.

Yürüş iştirakçısı Ülfət Nəzərova da bunun bayram əhval-ruhiyyəsində keçdiyini deyib. Bu idman növü ilə yeni məşğul olmağa başladığını deyən xanım idmançı yürüşə qatılmaqlarının səbəbini də açıqlayıb: “Burada iştirakımız xalqımızı qarşıdan gələn Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik etməkdir. Yürüş çox gözəl alındı. İdmançılarla yanaşı, həvəskarlar və uşaqlar da əsl bayram sevinci yaşadılar”.