14:33 09-01-2014
news_image
871
DİGƏR NÖVLƏR

Azərbaycan nümayəndə heyətini kazaklar qoruyacaq

Qış Olimpiya və Paralimpiya Oyunları zamanı asayişi qorumaq üçün Rusiyanın Soçi şəhərinə 410 kazak gəlib. Lent.az-ın RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, onlar Kuban kazak qoşunlarının şəxsi heyətindən ayrılıb.

Kazaklara idmançılar, əcnəbi nümayəndələr və turistlərin təhlükəsizliyini təmin etmələri tapşırılıb. Onlar kazak formasında və yalnız polislərlə birgə xidmət aparacaqlar.

Yanvarın 7-dən Soçidə təhlükəsizlik tədbirləri gücləndirilib. Ora başqa şəhərdən nəqliyyatın girişi qadağan edilib. Qadağa Paralimpiya Oyunları başa çatanadək, yəni, martın 21-dək qüvvədə olacaq. Şəhər sakinlərindən isə şəxsi nəqliyyatdan mümkün qədər az yararlanmaları xahiş edilib. Eyni zamanda, olimpiya nəqliyyatı zolaqlarına hərəkət qadağan olunub.

Ötən gündən Moskvanın “Şeremetyevo” və “Vnukovo” hava limanlarında təyyarələrə istənilən həcmli hər cür mayenin keçirilməsinə də icazə verilmir. Qadağa olimpiadanın keçirilməsi ilə bağlıdır və martın sonunadək qüvvədə olacaq. “Domodedovo”, habelə, Sankt-Peterburqdakı “Pulkovo” və Soçi beynəlxalq hava limanlarında belə məhdudiyyətlər tətbiq olunmayıb.

Qeyd edək ki, fevralın 7-də start götürəcək Soçi Qış Olimpiya Oyunlarında Azərbaycanı 5 idmançı təmsil edəcək. Bunlar fiqurlu konkisürmə növündə Aleksey Sitnikov - Yuliya Zlobina dueti, eləcə də xizəkçilər Patrik Braxner, Sedrik Notz və Qaya Bassani Antivaridir.