15:56 11-01-2014
news_image
1226
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov II Fəxri Xiyabanda dəfn oluna bilər

Bu gecə dünyasını dəyişmiş azərbaycanlı qrossmeyster Vüqar Həşimov II Fəxri Xiyabanda dəfn oluna bilər. Lent.az-ın əldə etdiyi məlumata görə, hazırda bununla bağlı danışıqlar aparılır.

Vida mərasiminin isə Respublika Şahmat Mərkəzində baş tutacaq. Almaniyanın Heydelberq klinikasında vəfat etmiş Həşimovun cənazəsinin Bakıya nə vaxt gətiriləcəyi isə bilinmir.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov isə Lent.az-a açıqlamasında bildirib ki, hələlik şahmatçımızın harada dəfn olunacağı məlum deyil. Onun sözlərinə görə, bu məsələ Fəxri Xiyabanda dəfn barədə əsasnaməyə uyğun tənzimlənəcək. Məmmədov Həşimovun cənazəsinin kütləvi yerdən götürüləcəyini də bildirib: “Respublika Şahmat Mərkəzi variantını mən irəli sürmüşəm. Çünki ora cənazənin götürülməsi üçün münasib məkandır. Amma qərarı biz vermirik. Bütün məsələlər hökumət səviyyəsində həll olunur və çox güman ki, günün sonunadək qərar veriləcək”.

Federasiya rəsmisinin sözlərinə görə, cənazəni Bakıya gətirilmək üçün ya Almaniyaya təyyarə göndəriləcək, ya da Həşimovun nəşi Frankfurt – Bakı reysi ilə yola salınacaq: “Vüqar Bakı vaxtı ilə səhər saat 7:00 radələrində dünyasını dəyişib. Bu gün şənbə günü olduğundan, Almaniyada sənədləşmə ilə bağlı müəyyən məsələlərin həlli üçün müəyyən vaxt lazımdır. Hazırda atası və qardaşı mərhumun yanındadır. Klinika isə Frankfurtdan cəmi 70 km aralıdadır. Ola bilsin, cənazə oradan Frankfurt – Bakı reysi ilə göndərildi”.

Qeyd edək ki, Vüqar Həşimov uzun sürən xəstəlikdən sonra başındakı şişdən dünyasını dəyişib.