14:18 13-01-2014
news_image
1235
DÖYÜŞ NÖVLƏRİ

Elnur Məmmədliyə uduzmuş cüdoçunu hauptvaxta saldılar

2008-ci il Pekin Yay Olimpiya Oyunlarının finalında Azərbaycan təmsilçisi Elnur Məmmədliyə uduzmuş cənubi koreyalı cüdoçu Vanq Ki-Çun cəzalandırılıb. Lent.az-ın məlumatına görə, 26 yaşlı idmançı hərbi xidmət zamanı mobil telefondan istifadə etdiyi üçün 8 gününü hauptvaxtda keçirib.

Cənubi Koreya ordusunda xidmət keçən cüdoçuya cəzanı hərbi polis kəsib. Vanq xidmətə dekabrın 10-da başlayıb. O, Nonsandakı hərbi təlim-mərkəzinə daxil olarkən, öz mobil telefonunu təhvil verib. Lakin 2 həftə sonra tanınmış idmançı digər telefondan istifadə edərkən yaxalanıb. Vanq hauptvaxta göndərilib və 2013-cü il dekabrın 31-dən bu il yanvarın 7-dək orada qalıb.

Cənubi Koreyanın Müdafiə Nazirliyindən bildirilib ki, bir aylıq hərbi xidmət vaxtı çağırışçılardan mobil telefon aşkarlanması nadir hallarda baş verir. Lakin bütün əsgərlərə eyni gözlə baxılır və bu zaman Banq idman nailiyyətlərinə görə, xüsusi status ala bilməz. Ölkədə orduya yararlı bütün kişilər 2 ilədək xidmət etməlidirlər. Olimpiada mükafatçıları və ya Asiya Oyunlarının qalibi olan idmançılar isə istisna hal kimi hərbi təlim mərkəzində 1 ay xidmət keçir, sonra isə öz idman növləri üzrə 34 ayadək məşqçi kimi çalışırlar.

Qeyd edək ki, Vanq Ki-Çun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında cüdo üzrə 73 kq çəki dərəcəsində finaladək irəliləyib. O, həlledici görüşdə Elnur Məmmədliyə uduzub. Vanq , həmçinin 2007 və 2009-cu illərdə dünya çempionu, 2010-cu ildə gümüş mükafatçı olub.