17:27 13-01-2014
news_image
1113
STOLÜSTÜ OYUNLAR

Prezident İlham Əliyev Vüqar Həşimovun ailəsinə başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan şahmatçısı Vüqar Həşimovun ailəsinə başsağlığı verib.

APA – nın məlumatına görə, dövlət başçısı şahmatçının atasına ünvanladığı məktubda V.Həşimovun vaxtsız vəfatından son dərəcə kədərləndiyini bildirib:


“Hörmətli Qasım Həşimov,

Oğlunuz, görkəmli Azərbaycan şahmatçısı, şahmat üzrə üçqat Azərbaycan çempionu, qrossmeyster Vüqar Həşimovun vaxtsız vəfatından son dərəcə kədərləndim.

Vüqar Həşimovun Azərbaycan idmanı qarşısındakı xidmətləri əvəzsizdir. O, Azərbaycan şahmat məktəbinin inkişafına misilsiz töhfələr verib, öz parlaq qələbələri ilə ölkəmizin adını daim yüksəklərə qaldırıb.

Azərbaycan xalqı, idman ictimaiyyətimiz dünyanın ən güclü şahmatçılarından biri olan istedadlı idmançımız ilə fəxr edir, ondan hələ çox qələbələr, yeni-yeni zirvələr gözləyirdi.
Amansız tale Vüqar Həşimovu istedadının ən çiçəklənən bir vaxtında çox erkən aramızdan apardı. Lakin onun parlaq xatirəsi bizim hamımızın, Azərbaycan xalqının, bütün şahmatsevərlərin qəlbində daim yaşayacaq.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, Aidə xanıma, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”