14:50 14-01-2014
news_image
933
STOLÜSTÜ OYUNLAR

Azad Rəhimov: Həşimovun xatirəsinin əbədiləşdirilməsini istərdik

"Vüqar Həşimovun vəfatı Azərbaycan xalqı, ictimaiyyəti və idmanı üçün bu gün ağır itkidir". Apasport.az saytının məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.

Rəhimov bildirib ki, Həşimov kimi çox istedadlı gənc, dünyanın ən yaxşı şahmatçılarından biri bu gün artıq bizimlə deyil: "Uzun müddətdir xəstə olarkən müalicə olunurdu. Ancaq hamıya məlumdur ki, bu xəstəlik müalicə olunmur. Baxmayaraq ki, ölkə prezidentinin xüsusi tapşırığına əsasən Dövlət Neft Şirkәti, Gənclər və İdman Nazirliyi tərəfindən bütün təşkilati məsələlər həll olunmuşdu və Almaniyada xüsusi klinikada müalicə aparılmışdı. Biz artıq Vüqarı itirmişik. Ancaq mən belə düşünürəm ki, o bizimlədir və idmançılar bunu hər zaman yada salacaqlar. Mən bütün idmansevərləri çağırıram ki, bu gün onu yad edək və Allahdan rəhmət diləyək".

Nazir bu cür yüksək səviyyəli idmançının xatirəsinin əbədiləşdirilməsini istədiklərini söyləyib: "Bilirsiniz ki, bu qərarı dövlət qəbul edir. Bunu nazirlik qəbul edə bilməz. Buna görə də hər hansı bir təklifləri cənab prezidentlə məsləhətləşmək vacibdir. Onun fikirləri və baxışı önəmlidir. Son iki gün ərzində onun adını daşıyan hansısa küçə, mərkəz, kompleksin olması ilə bağlı təkliflər gəlir. Ancaq hazırda hansı qərar qəbul ediləcək deyə bilmərəm".