17:35 14-01-2014
news_image
3766
STOLÜSTÜ OYUNLAR

“Hamımız inanırdıq ki, Vüqar qayıdacaq...” - FOTOSESSİYA

Bu gün Respublika Şahmat Mərkəzində Azərbaycan millisinin şahmatçısı Vüqar Həşimovla vida mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, mərasimdə dövlət rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, yaxınları və şahmatsevərlər iştirak ediblər.

...Həşimovun həmişə şahmat lövhəsi arxasında oturduğu səhnədə bu dəfə onun tabutu qoyulmuşdu. Oyunlar zamanı başının üstündə hakimlər dururdusa, hüzn günündə onları fəxri qarovul əvəzləmişdi. Ətrafına düzülmüş çələnglər qalib gəldiyi turnirlərdə ona bəxş edilən hədiyyələrə bənzəyirdi. Lakin səslənən matəm musiqisi onun cismən bizi tərk etməsinə bir işarə idi. Minlərlə insan Həşimovun xatirəsini yad etmək üçün cənazəsi önündən keçir, ona ehtiramını bildirirdi.

Bunu heç də asan qəbul etməyən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov şahmatçımızın ölümünü tək təmsil etdiyi qurumun, idmanımızın deyil, xalqımızın itkisi adlandırıb. Onun sözlərinə görə, Vüqar dünya şöhrətli, elitaya daxil olan idmançı idi: “İndi müxtəlif ölkələrdən, məşhur şahmatçılardan, şəxslərdən aldığımız başsağlığılarından məlum olur ki, Vüqarın belə dahi olmasını biz özümüz də dərk etməmişik. Dünya çempionu Maqnus Karlsen başda olmaqla, FİDE-nin prezidenti Kirsan İlyumjinov və rəsmiləri hamısı öz təəssüflərini bildirirlər. Vüqarın nəinki bir şahmatçı, həm də yaxşı bir yoldaş olduğunu söyləyirlər. Ona görə də çox böyük itkidir”.

F.Həsənov bildirib ki, Vüqarın yaratdığı şahmat əsərləri dünya incilərinə daxil olacaq səviyyədədir. Federasiya rəsmisi onun belə xəstəliyə düçar olmasını belə xatırlayıb: “2011-ci ildə Avropa çempionatda Fransa ilə matçda xəstəliyi özünü büruzə vermişdi. Həmin vaxt komandalar heç-heçəyə razılaşdı və bu yarışdan sonra müalicəsinə başlanıldı. 2012-ci ilin fevral ayından sonra isə səhhətində xeyli problem yarandı. Vüqar xəstə olan vaxt ölkə prezidenti İlham Əliyev başda olmaqla, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və ARDNŞ ona dəstək olub, hər cür köməklik göstərib. Uşaq vaxtı onda epilepsiya olub. Mümkündür ki, sonradan onun fəsadları özünü büruzə verib. Beynində bir neçə əməliyyat aparılıb. Özü də son vaxtlar yaxşılığa doğru gedirdi. Amma təəssüf ki, dünyasını dəyişdi”.

Respublika Şahmat Mərkəzində isə Vüqarla vidalaşmağa gələnlərin sayı dəqiqəbədəqiqə artırdı. Komanda yoldaşları da həmişəki kimi onunla birgə idi. Qrossmeysterimiz Teymur Rəcəbov onun karyerasını bərpa edəcəyinə və yenidən yığmaya dönəcəyinə böyük ümid bəsləyirmiş: “Hamımız inanırdıq ki, Vüqar qayıdacaq. Bunun üçün əsas da vardı. Bildirilirdi ki, yaxşıdır, oynaması mümkün olacaq. Ancaq üzücü xəbər aldıq. Ailəsi, milli komanda və dünya şahmatı üçün böyük itkidir”.

T.Rəcəbov onunla keçirdiyi günləri xatırlamağın ağır olduğunu da dilə gətirib: “Demək olar ki, 20 illik şahmatçı karyeramda Vüqarla bir yerdə olmuşam. Böyük qələbələrə bir addımlamışdıq, çətinlikləri birgə keçmişdik. O, həmişə pozitiv, optimist qalmağa çalışırdı. Bir çox şeylərdə komandaya kömək edirdi, təcrübəsini, fikirlərini bölüşürdü, ideya verirdi”.

Rauf Məmmədov isə 2009-cu ildə Avropa çempionu olduqları günü yada salaraq kövrəlib: “Həmin il son matçda 2 heç-heçə qeydə alınmışdı, sona Vüqarla mən qalmışdım. Onun oyununa baxanda başa düşdüm ki, udacaq. 7 saat çəkən görüşdə bunu bacardı. Adı şahmat tarixinə qızıl hərflərlə yazılacaq”.

Qədir Hüseynov da xatirələrini bölüşməyi özünə borc bilib. Eyni komandada böyüdüklərini deyən şahmatçı Vüqarın çox istedadlı insan olduğunu dərin köks ötürərək dilə gətirib: “Uşaq vaxtlarında Avropa və dünya çempionatlarının daimi iştirakçısı idi. O, xəstəliyə görə bir müddət şahmat oynamadı. Amma uğurlu əməliyyatdan sonra səhhəti normallaşdı və dönüşü parlaq alındı. O, əsl komanda oyunçusu idi. Öz analizlərini, ev tapşırıqlarını bizimlə bölüşürdü. Halbuki onu hazırlamaq üçün xeyli vaxt sərf edirdi. Onun öz ölkəsinə, xalqına sevgisi də böyük idi. Həmişə deyirdi ki, Azərbaycan yığmasında çıxış etməkdən qürur duyuram”.

Q.Hüseynov Vüqarla 2011-ci ildə Avropa çempionatında çıxış etdiyi son turnirdən də danışıb: “Fransa ilə məlum matçdan sonra bizim kapitanımız ukraynalı Vladimir Tukmakov bildirdi ki, 50 illik məşqçilik karyerasında xəstə oyunçunu görüşə buraxmayıb. Vüqarın artıq xəstəliyi qayıtmışdı və özünü pis hiss edirdi. Amma buna rəğmən, oynayacağını, yarışı davam etdirəcəyini bildirdi və növbəti turlarda biz Rusiyanı, Bolqarıstanı, Rumıniyanı məğlub etdik. Beləliklə, Azərbaycan gümüş medal qazandı. Vüqar daim rayonlara gedib, uşaqlara pulsuz seans verirdi. İnandırım sizi, dünyanın o səviyyədə əksər şahmatçısı bunu böyük məbləğ qarşılığında edər. Onun ölümü ilə barışa bilmirəm. Doğrudan da çox çətindir. İstəyirəm onun adı həmişə şahmatçılarla birgə çəkinsin. Biz qələbə qazananda həmişə onu fikirləşəcəyik. Almaniyada olduğu vaxt danışmaq gücündə deyildi. Bir ildən çox idi onunla söhbət etmirdim. Sonuncu dəfə 2011-ci ilin dekabrında görüşüb futbol oynamışdıq”.

Digər zəka sahibimiz Eltac Səfərli isə onun mehribançılığından söz açıb: “O, güclü şahmatçı olmaqla yanaşı, gözəl insan idi. Həmişə gülərüz, mehriban və zarafatcıl idi. Onun komandada olduğunu həmişə hiss edirdik. Əvəzolunmaz oyunçu idi”.

Kişilərdən ibarət millimizin kapitanı Aleksandr Xalifman da Vüqarın ölümünü böyük itki adlandırıb: “Biz həmişə onu xatırlayacağıq. Xatirəsi qəlbimizdə qalacaq. Azərbaycanlı şahmatçıların növbəti qələbələri Vüqarın qələbələri olacaq. Təəssüf hiss keçirirəm”.

Vida mərasimində bu itki ilə barışmaq istəməyən kifayət qədər insan vardı. Bunu onları danışdırmadan da hiss etmək mümkün idi. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da Vüqarın yalnız bu xəstəliyə qalib gələ bilməməsinə görə kədərli idi: “Dövlətimiz, xalqımız və dünya şahmatı böyük itkiyə məruz qalıb. Şahmat tarixində böyük bir iz qoyub getdi. Bu barədə müzakirələr aparmışıq. Onun qoyduğu yaradıcılıq irsini hələ çox öyrənmək lazımdır. Son 3 ildə Vüqar və ailəsi onun yaşaması uğrunda mübarizə apardı. Onu müalicə edən klinika Avropada aparıcı tibb müəssisələrindən biridir. Hesab edirəm ki, onlar yeni dərmanları yoxlayırdılar. Xəstəlik çox dərinə getmişdi. Əfsuslar olsun ki, elm tərəfindən sonacan öyrənilməyən bir xəstəlik bütün bu mübarizədən, əziyyətdən üstün oldu”.

M.Məmmədovun sözlərinə görə, belə zəka sahibi ölkəmizin tarixində 50-100 ildə 1 dəfə ola bilər: “Vüqar son illərdə şahmat tarixinin ən böyük nəzəriyyəçilərindən, klassiklərdən biri idi. Onun adı ölkə daxilində əbədiləşməklə yanaşı, şahmat tarixində də öz yerini tapacaq”.

Azərbaycan yığmasının baş məşqçisi Fikrət Sideyfzadə isə gözünün qarşısında böyüyən uşağın vida mərasimində iştirak etməsini böyük faciə adlandırıb. Onun sözlərinə görə, Vüqar haqda keçmiş zamanda danışmaq çətindir: “Vüqar 2009-cu ildə FIDE reytinqində 6-cı, dəfələrlə də “onluq”da yer almışdı. O, 2009-cu ildə, millimiz Avropa çempionu olan vaxt qələbəmizdə həlledici rol oynamışdı. 2007 və 2011-ci illərdə komandamız analoji yarışda müvafiq olaraq 3-cü və 2-ci yerləri tutmağımızda da öz sözünü demişdi. Yeniyetmələrin turnirində müxtəlif əyarlı 7 medal almışdı. Onun çoxsaylı uğurlarının içərisində İtaliyada keçirilən Recco-Emiliya turnirindəki qələbəsi karyerasında mühüm yer tutur. Vüqar özünün şahmata böyük sevgisi və əməksevərliyi ilə seçilirdi. Onu böyük nailiyyətlər gözləyirdi. Təəssüf ki, aramızdan çox tez getdi”.

F.Sideyfzadə şahmatçının tərbiyəsinə heyran qaldığını da söyləyib: “Azərbaycan şahmat tarixində böyük bir oyunçunu itirdik. Onunla bağlı heç vaxt münaqişəli vəziyyət olmayıb. Şahmatçılar bir qədər ərköyün olsa da, Vüqar belə deyildi. Həmişə sözə qulaq asan, məşqçinin dediyini edən idmançı idi. Onun tərbiyəsinə söz ola bilməzdi. Düzdür, 2008-ci ildə Drezdendə bəzi şeylər yadıma gəlir. Çünki böyüklər arasında mübarizə aparırdı. Adətən, tanınmış qrossmeysterlər arasında söz-söhbətlər olur. Bizim saatlarla vəziyyəti stabilləşdirmək üçün müzakirələrimiz olurdu və Vüqar axırda bizim dediyimizə gəlirdi. Deyirdi ki, təki komandanın, Azərbaycanın uğuru olsun. Həmişə şəxsi prinsipləri kənara qoymağı bacarırdı”.

Vida mərasimində Vüqara ehtiramını bildirmək üçün tək şahmatsevərlər deyil, digər idman növləri ilə məşğul olanlar və federasiya rəsmiləri də sıraya düzülmüşdülər. Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, milli komandanın baş məşqçisi Faiq Qarayev şahmatçının itkisini Azərbaycanın itkisi kimi dəyərləndirib: “Vüqarın itkisi tək Şahmat Federasiyasının deyil, bütün Azərbaycanındır. Vüqardan ötrü hamı böyük kədər hiss keçirir. Çox gözəl idmançı, çox gözəl insan və ən asası çox gənc... İnanın ki, onun dünyasını dəyişməsini eşidəndə federasiyada çox kədərləndik. Vüqarın öz arzuları vardı. Heyf ki, sıralarımızı çox tez tərk etdi. Yəqin ki, Həşimovun dostları öz uğurları, fəaliyyətləri ilə onun adını yaşadacaqlar”.

... Saat 11:00-dan başlayan mərasim günorta saatlarında yekunlaşdı. Artıq qrossmeysterimizi torpağa tapşırmaq üçün fəxri qarovul düzülmüşdü. Amma Vüqar heç də ömrünün böyük hissəsini keçirdiyi mərkəzdən “çıxmağa” tələsmirdi. Lakin qardaşı Sərxan Həşimov, bacısının həyat yoldaşı Anar Allahverdiyev və digər qohumları onun üçrəngli bayrağımızla bəzədilən tabutuna çiyin verərək, qəbiristanlığa yollanacaq maşına tərəf irəlilədilər. Buradan III Fəxri Xiyabana aparılan cənazə torpağa tapşırıldı. Ardınca isə Təzəpir məscidində mərhumun ruhuna ehsan verildi.

Qeyd edək ki, Vüqar Həşimov yanvarın 11-də Almaniyanın Heydelberq klinikasında beyin xərçəngindən dünyasını dəyişib.

Allah rəhmət eləsin!