10:55 16-01-2014
news_image
892
DİGƏR NÖVLƏR

“Peugeot” özünə yeni sima seçdi

“Peugeot” dünyanın 2 nömrəli tennisçisi Novak Cokoviçi özünə sima seçib. Oyunçu ilə tanınmış fransız avtomobil brendi arasında 3 illik razılaşmaya görə, brend istənilən marketinq addımlarında və dünyanın bütün ölkələrində tennisçinin imicindən istifadə edə biləcək. Novak Cokoviç isə bu müddətdə iştirak edəcəyi bütün oyunlara qolunda “Peugeot” loqotipi olan köynəkdə çıxmalıdır.

27 yaşlı serbiyalı oyunçunun “Peugeot” imici üçün seçilməsi təsadüfi deyil. Fransa Açıq Tennis Turniri olan Roland Garros-la 30 illik əməkdaşlığının nəticəsi olaraq brend bu qərarı verib. Belə ki, ötən il keçirilən Roland Garros turnirində Novak Cokoviçlə dünyanın 1 nömrəli tennisçisi kimi tanınan Rafael Nadalın oyunu klassik oyunlar sırasına daxil olub. “Peugeot” nümayəndələri Novak Cokoviçlə brendi cazibə, heyranetmə və emosionallıq kimi xüsusiyyətlərin birləşdirdiyini deyirlər.

Tennis xüsusi zövqlü insanların maraq göstərdiyi idman sahəsi olduğundan adətən yüksək brendlər tennisçiləri özlərinə sima seçir. Bahalı saat brendlərinin tennisçilərə daha çox üstünlük verdiyini qeyd etmək yerinə düşər. Bir müddət əvvəl isə rusiyalı məşhur tenisçi Şarapova “Porsche” avtomobil brendinin siması seçilib.