12:13 23-01-2014
news_image

Elxan Məmmədov rəqiblərinə yuxarıdan aşağı baxır

Beynəlxalq Сüdo Federasiyası 2014-cü ilin ilk reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahıda uzun fasilədən sonra Azərbaycan millisinin aparıcı üzvlərindən geriləyən olmayıb.

 

Belə ki, Peter Zayzenbaherin yetirmələrindən ən çox irəliləyən Ramilə Yusubovadır (63 kq). Ötən ilin sonlarından karyerasını bərpa edən idmançı 65-ci yeri 61-ci pilləyə dəyişib. 60 kq çəki dərəcəsində tatamiyə çıxan Orxan Səfərovla 66 kq çəki dərəcəsində yarışan Tərlan Kərimov hərəyə 2 rəqibi qabaqlayıblar. Onlar müvafiq olaraq, 15-ci və 46-cı yerlərə yüksəliblər.

 

Digər cüdoçularımızdan - İlqar Müşkiyev (60 kq), Tural Səfquliyev (81 kq) və Kifayət Qasımova (57 kq) hərəyə 1 pillə irəli gediblər. Öz çəki dərəcələrinin liderləri müvafiq olaraq, 11-ci, 33-cü və 18-ci yerdədirlər.

Onlarla müqayisədə, Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov və Elmar Qasımov (hər ikisi 100 kq) mövqelərini qoruyublar. Bu idmançılar yenə müvafiq olaraq, 8-ci, 14-cü, 6-cı, 1-ci və 8-cidirlər.

 

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.