10:32 27-01-2014
news_image

Bakı klubu darmadağın etdiyi rəqiblə qarşılaşacaq

Ümumdünya Boks Seriyasında (WSB) mübarizə aparan “Baku Fires” yanvarın 31-də növbəti döyüşünü keçirəcək. Apasport.az saytının xəbərinə görə, təmsilçimiz VII turda Meksikanın paytaxtı Mexikoda yerli “Mexico Guerreros”lə qarşılaşacaq. Artıq komandalar heyətlərini açıqlayıblar.

 

Bu dəfə komandamızın heyətində 20 yaşlı Salman İbrahimov debüt edəcək və meksikalıların ən təcrübəli, güclü boksçusu məhz İbrahimovla qarşılaşacaq. Liqada 15 döyüş keçirən Juan Romero bu görüşlərin 10-da qələbə qazanıb. Meksikalı boksçu 2012-ci ildə WSB-nin fərdi yarışlarının qalibi olub.

 

Milli komandamızın üzvü Soltan Migitinov Meksikaya yollandığından ölkə çempionatında iştirak edə bilmir. Cari mövsümdə ilk döyüşünə çıxacaq London Olimpiadasının iştirakçısı venesuelalı Pinto ilə üz-üzə gələcək.

 

Bu dəfə meksikalıların heyətində 2 legioner rinqə çıxacaq. Pintodan başqa nigeriyalı Apoçi “Baku Fires”in moldovalı boksçusu Vladimir Keleşin rəqibi olacaq. Keleş bu mövsüm ilk döyüşünü keçirəcək.

 

Bu həftə B qrupunda daha 2 görüş baş tutacaq. “Cuba Domaderos” doğma divarlar arasında “Hussars Poland”ı qəbul edəcək. Turun mərkəzi görüşü isə Almatıda “Astana Arlans”la Rusiya boksçuları arasında olacaq.

 

 

Mexico Guerreros – Baku Fires

49 kq. Jozelito Altamirano – Məhəmməd İbiyev

56 kq. Brayan Qonsales Morales - Qairbek Qermaxanov

64 kq. Juan Romero – Salman İbrahimov

75 kq. Enri Saavedra Pinto – Soltan Migitinov

91 kq. Efetobor Apoçi – Vladimir Keleş

 

Turnir cədvəli:

1. Coba Domaderos – 18 xal, (6 görüş)

2. Astana Arlans – 13, (6)

3. Rusiya – 13, (6)

4. Baku Fires – 10, (6)

5. Mexico Gurerreros – 2, (6)

6. Hussars Poland – 1, (6)

 

Qeyd edək ki, komandamız Quba Olimpiya Kompleksində keçirilən görüşündə meksikalılara 5:0 hesabı ilə qalib gəlmişdi.