16:20 28-01-2014
news_image
853
DİGƏR NÖVLƏR

Millimizin üzvü: Əsas rəqiblərimiz elə özümüzük

“Bir idmançının öz yığmasında deyil, başqa ölkənin bayrağı altında çıxış etməsi dünyada geniş yayılıb. Yuliya ilə biz Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasının təklifini bir neçə il öncə qəbul etdik. Bu seçim bizə karyeramızı davam etdirməyə imkan yaratdı”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin konkisürəni Aleksey Sitnikov deyib.

 

Fevralın 7-də Soçidə start götürəcək Qış Olimpiya Oyunlarında Yuliya Zlobina ilə duet təşkil edəcək idmançı Rusiya mətbuatına müsahibə verib.

 

Onun sözlərinə görə, ötən ilin martında dünya çempionatındakı uğurlu çıxışdan sonra fiqurlu konkisürənlərdən yalnız ikisinin Azərbaycanı Olimpiadada təmsil edəcəyi müəyyənləşib: “2005-ci ildə məşqçimiz Olqa Ryabinina ilə birgə Kirovdan getdik. 3 il Rostovda məşq etdikdən sonra Moskvaya qayıtdıq. Doğma şəhərimizdə uğur qazanacağımıza ümidimiz yox idi. İndi biz məşhur Aleksandr Julinin rəhbərliyi altında məşq keçirik. Sabiq çalışdırıcımızın da karyerası uğurlu alınıb. Doğma Kirova istədiyimiz kimi tez-tez gedə bilmirik. Məsələn, yayda biz ABŞ-da hazırlıq keçirdik. Lakin Kirovda baş verənləri də izləyirik”.

 

Sitnikov Olimpiadadakı hədəflərini də açıqlayıb: “Biz Soçi Olimpiadasının fikri ilə yaşamırıq. Sadəcə, öz işimizi görürük. Əsas rəqiblərimiz elə özümüzük. Çünki emosiyaların bizə hakim olmasına imkan verməməliyik”.

 

Qeyd edək ki, duet fevralın 7-də baş tutacaq açılış mərasimindən sonra yenidən Moskvaya qayıdaraq, orada hazırlıqlarını davam etdirəcək. Onlar fevralın 16-17-də güclərini yoxlayacaqlar.