13:44 30-01-2014
news_image

Kubalı boksçu Azərbaycan çempionatının yarımfinalına yüksəldi

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən boks üzrə böyüklər arasında Azərbaycan çempionatında yarımfinalçıların adları məlum olub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 49 kq çəki dərəcəsində mübarizə aparan 2011-ci ilin Avropa çempionu Salman Əlizadə 1/4 final mərhələsini qələbə ilə başa vurub. O, “Gilan” klubunun üzvü Orxan Süleymanov üzərində qələbə qazanıb.

 

Ötən ilki ölkə çempionatının bürünc mükafatçısı Araz İmaməliyev də yarımfinala vəsiqə əldə edib. O, “Baku Fires” klubunun üzvü Qurban Qurbanovu texniki nokautla üstələyib.

 

2013-cü ilin Avropa çempionatının bürünc mükafatçısı Elvin Məmişzadə də yarımfinalda döyüşəcək. Milli komandamızın lideri 1/4 finalda Elnur Şəfiyev üzərində çətin qələbə qazanıb. Məmişzadəni yarımfinalda güclü rəqib gözləyir. Peşəkar rinqdə bir neçə döyüş keçirmiş, hazırda isə “Baku Fires”in heyətində olan Rauf Ağayev Məmişzadəni dayandırmağa çalışacaq.

 

Tural Əhmədov (56 kq) 1/4 final mərhələsində Əsgər Rəhimovu məğlub edib. 2013-cü ildə Neft Ölkələrinin dünya kubokunun qalibi olmuş Əhmədovu yarımfinalda Kamran Orucovla çətin görüş gözləyir.

 

Yenidən rinqə qayıdan Rəhim Nəcəfov da ən azı bürünc medalı özünə təmin edib. Seçmə komandamızın sabiq kapitanı Araz Gülməmmədovu mübarizədən kənarlaşdırıb.

 

60 kq çəki dərəcəsində milli komandamızın “bir nömrəsi” olan Elvin İsayev də yarımfinaldadır. Dünya və Avropa çempionatlarının iştirakçısı finala vəsiqə qazanmaq üçün təcrübəli Elnur Əliyevi məğlub etməlidir.

 

2013-cü ildə gənclər arasında Avropa çempionu olmuş Nəsrəddin Məmmədov da yarımfinala yüksəlib. “Neftçi” İSM-in üzvü növbəti mərhələdə Kamran Baxşəliyevlə üz-üzə gələcək.

 

Kuba əsilli boksçu Lorenzo Sotomayor (64 kq) 1/4 final mərhələsində çətinliklə qələbə qazanıb. “Qəbələ” İdman Klubunun üzvü Mehdi Mehdiyevi mübarizədən kənarlaşdırıb. Sotomoyorun növbəti rəqibi təcrübəli Ruslan Qasımov olacaq.

 

Gənclər arasında Avropa çempionu, dünya birinciliyinin bürünc mükafatçısı Pərviz Bağırov da (69 kq) mübarizəni davam etdirir. O, 1/4 finalda Hidayət Musayev üzərində qələbə qazanıb. Bağırovu yarımfinalda Elnur Süleymanovla ağır döyüş gözləyir. Süleymanov “Baku Fires” klubunun üzvü Osman Əliyevi məğlub edib. 69 kq-da yenidən millimizin 1-ci nömrəsi olmağa iddialı Tamerlan Abdullayev də yarımfinaldadır.

 

75 kq çəki dərəcəsində yarımfinalda Emil Əhmədovla Haybula Musalov arasında gərgin görüş olacaq. Musalov ilk dəfə çıxış etdiyi Azərbaycan çempionatında əksər döyüşlərdə asan qələbə qazanıb.

 

81 kq çəki dərəcəsində qələbəyə iddialı iki boksçu Rauf Rəhimov və Vətən Hüseynli yarımfinaldadır. Ancaq bu idmançılar yalnız finalda qarşılaşa bilərlər.

 

91 kq çəki dərəcəsində favoritlərdən sayılan Abdulqadir Abdullayev də 1/4 final mərhələsini qələbə ilə başa vurub. O, yarımfinalda Anar Məmmədovla qarşılaşacaq.

 

Qeyd edək ki, ölkə çempionatına sabah yekun vurulacaq.