16:02 04-02-2014
news_image

Məhəmmədrəsul Məcidovla Teymur Məmmədov yenidən rinqdə

Fevralın 8-də saat 19:00-da Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) VIII turunun matçında Azərbaycanın “Baku Fires” və Polşanın “Hussars Poland” komandaları qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, yarışa 4 gün qalsa da, artıq hər 2 komanda heyətini açıqlayıb.

Belə ki, “Baku Fires”in heyətində 3 yeni boksçu rinqə çıxacaq. Baş məşqçi Nuripaşa Talibov yəqin ki, rəqibin zəifliyini nəzərə alaraq, Rabadanov, Cəbrayılov və Əhmədova WSB liqasında debüt etmək imkanı qazandırıb. Bu dəfə Quba azarkeşləri milli komandamızın liderləri Teymur Məmmədovla Məhəmmədrəsul Məcidovun çıxışını böyük maraqla izləyəcəklər. Olimpiya oyunlarının bürünc mükafatçısı, Avropa çempionu Məmmədov liqada ilk görüşünü 23 yaşlı Piotr Podluçkiyə qarşı keçirəcək. Polşalı boksçu Ümumdünya Boks Seriyasında 1 döyüşdə rinqə çıxıb və məğlub olub.

2 qat dünya çempionu Məhəmmədrəsul Məcidov isə oktyabrdakı dünya çempionatından sonra ilk dəfə rinqə çıxacaq. Məcidovun rəqibi Toborek WSB liqasında bir görüş keçirərək, uduzub.

“Hussars Poland” klubunda ən təcrübəli boksçu 69 kq çəki dərəcəsində vuruşacaq İreneuş Zakrzevskini qeyd etmək olar. 21 yaşlı idmançı liqada 3 dəfə rinqə çıxıb, 1 qələbə qazanıb. O, 2012-2013-cü illər mövsümündə “Baku Fires”in üzvü Mixail Veselova yenilib.

Baku Fires – Hussars Poland
52 kq. Murad Rabadanov – Mariuş Koç
60 kq. Məhəmmədrəşid Cəbrayılov – Mateuş Polski
69 kq. Kamil Əhmədov – İreneuş Zakrzevski
81 kq. Teymur Məmmədov – Piotr Podluçki
+91 kq Məhəmmədrəsul Məcidov – Arkadiuş Toborek

Turnir cədvəli:
1. Coba Domaderos – 21 xal (7 görüş)
2. Astana Arlans – 16 (7)
3. Rusiya – 13 (7)
4. Baku Fires – 11 (7)
5. Mexico Gurerreros – 5 (7)
6. Hussars Poland – 1 (7)

Bu həftə B qrupunda daha 1 görüş baş tutacaq. “Mexico Guerreros” doğma divarlar arasında “Astana Arlans”la qarşılaşacaq. Rusiya – “Cuba Domaderos” qarşılaşması isə təxirə salınıb.

Qeyd edək ki, “Baku Fires” səfərdə “Hussars Poland” üzərində 5:0 hesabı ilə qələbə qazanıb.