00:02 05-02-2014
news_image

“Onun millidə çıxışı realdır, ancaq hələ üzərində işləməlidir” - MÜSAHİBƏ

Boks üzrə Azərbaycan millisinin məşqçisi Nəriman Abdullayevin apasport.az saytına müsahibəsi

 

- Az öncə başa çatan Azərbaycan çempionatı ilə bağlı nə deyə bilərsiz?

- Bu dəfə yarışda əsasən cavanlara şans vermişdik. Onların hər biri yoxlanıldı, bəziləri özlərini doğrultdular. Bunun üçün hazırda ən yaxşıları millinin tərkibinə cəlb olunub və onlar tanınmış idmançılarımızla birgə təlim-məşq toplanışı keçəcək. Məqsədimiz 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına ciddi hazırlıqdır. Əsas idmançılarımıza gəlincə, Məhəmmədrəsul Məcidovla Teymur Məmmədov çempionata qatılmadılar. Bu da səbəbsiz deyildi. Çünki dünya çempionumuz AİBA-nın tərkibində olan peşəkar boksda WSB-də iştirak edəcək və buna hazırlaşırdı. Məmmədovun da zədəsi vardı. Lakin artıq müalicəsini bitirib və “Baku Fires”in heyətində WSB liqasında döyüşəcək.

 

- Bəs hansı çəki dərəcələrində gözlədiklərinizin əksi ilə qarşılaşdız?

- Yığmanın əsas üzvlərindən olan Tamerlan Abdullayevin (69 kq) finala çıxmayacağını gözləmirdik. Amma o, hərbi xidmətdə idi. Yarışa az qalmış gəlib, hazırlığa başladı və bunun üçün də tam çatdıra bilmədi. Bu səbəbdən də Tamerlanın çıxışı bir balaca pis alındı. Sonra Elvin Məmişzadə (52 kq) döyüşləri qələbə ilə başa vurdu. Ümumilikdə, pis deyildi və hazırlığına da ara verməyib. Ancaq hazırda WSB-də çıxış edən boksçunun da 1-2 görüşü xoşa gəlmədi.

 

- 81 kq çəki dərəcəsində çıxış edən Vətən Hüseynli də final görüşünə çıxa bilmədi. Bunu zədə və qarla bağlayanlar da oldu...

- Zədələndi deyəndə, final görüşü öncəsi çəki prosesinə gəlməmişdi. Bunun qarla və yaxud nəylə bağlı olduğunu mən də dəqiqləşdirə bilmədim. Məşqçiləri ilə əlaqə saxladıqda da, çəki prosesinə gecikdiyini dedilər. Bu səbəbdən də onun final qarşılaşmasını görə bilmədik.

 

- Kuba əsilli boksçu Lorenzo Sotomayor Azərbaycan çempionatını qızıl medalla başa vurdu. Yığmamıza da cəlb olunan idmançının bütün rəqiblərini sıradan çıxaracağı əvvəlcədən də gözlənilirdi?

- Onda zədə vardı. Bunu heç kim bilmirdi. Ancaq sonradan mənə məlum oldu ki, qabırğasındakı ağrıdan əziyyət çəkir. Hələ buna görə bir qədər rahat işləmədi. Amma ümumilikdə uzun əlləri, boyu və ağıllı mübarizə aparmağı xoşa gəldi.

 

- Sizcə, Sotomayor millidə 64 kq çəki dərəcəsində liderliyi ələ ala biləcəkmi?

- Onun millidə çıxışı realdır, ancaq hələ üzərində işləməlidir. 

 

- Millimizin aparıcı üzvlərinin “Baku Fires”də döyüşdüyünü bildirdiz. Amma bir müddət öncə bu məsələ mübahisələrə səbəb olmuşdu. Necə fikirləşirsiz, boksçularımızın Bakı klubunun heyətində yer alması təqdirəlayiqdir?

- Onlar həvəskarlarda döyüşməlidirlər. Sadəcə, hələlik ciddi bir yarışımız yoxdur və həmin komandaya kömək lazım olduğundan onlarla birgədirlər. Çünki “Baku Fires” də ölkəmizi təmsil edir və idmançılarımızın da hər iki komandada döyüşmək imkanları var. Buna görə də boksçulara icazə verilib. Əgər qarşıda Avropa və ya dünya çempionatı olsaydı, onlar millidə döyüşəcəkdilər. Hazırda imkan varsa, niyə də iştirak etməsinlər?

 

- Bu il Avropa və dünya çempionatınız yoxdur. Onda iştirak edəcəyiniz beynəlxalq turnirlərdə gənclərə yer verəcəksiz?

- Tanınmış idmançılarla birgə cavanları da hazırlamaq lazımdır. Çalışıb, hamısının gücünü yoxlayacağıq. Bu, həm də ehtiyat qüvvə üçün çox vacibdir.