10:14 05-02-2014
news_image
971
DİGƏR NÖVLƏR

“Synergy Baku”dan 2014-cü ilə uğurlu start

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku Cycling Project” 2014-cü ilə Yeni Zelandiyada təşkil olunmuş çoxgünlük “Cycle Classic” veloyürüşü ilə start verib. Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, yeni mövsüm ərəfəsində 2 ay İspaniyanın Kalpe şəhərində təlim-məşq toplantısı keçən komandamızın üzvləri ilin ilk yarışında uğurla çıxış ediblər.

 

Beş mərhələdən ibarət olan “Cycle Classic” turunun 143 km-lik ikinci mərhələsində Daniel Klemme liderdən cəmi bir neçə mikrosaniyə geri qalaraq finiş xəttini ikinci keçib və fəxri kürsüyə qalxıb.

 

Maykl Şvayzer isə ikinci mərhələdən etibarən sprinterlərin mübarizəsində liderliyi ələ alıb, üstünlüyünü sonadək qoruyaraq birinci yerə və “yaşıl mayka”ya layıq görülüb.

 

Yeni Zelandiyada ilin ilk turnirini müvəffəqiyyətlə başa vuran “Synergy Baku” artıq növbəti yarışa yola düşüb. Kollektiv fevralın 5-9-da Avstraliyada, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Herald Sun Tour” yarışında mübarizə aparacaq.

 

Bu yarışda komandamızı almaniyalı Daniel Klemme və Kristof Şvayzer, avstraliyalı Lük Deyvison və Patrik Leyn, habelə Azərbaycan yığma komandasının üzvləri Elçin Əsədov və Tural İsgəndərov təmsil edəcəklər.

 

5 mərhələdən ibarət olacaq yarış Melbrun şəhərində start götürəcək. Sonrakı mərhələlər dağ yollarında davam edəcək.