13:57 07-02-2014
news_image
1242
DÖYÜŞ NÖVLƏRİ

Nuripaşa Talıbov: Nəticə bir qədər şübhəli idi

Ümumdünya Boks Seriyası (WSB) Liqasında Azərbaycanın “Baku Fires” və Polşanın “Hussars Poland” komandaları arasında VIII turun görüşü ilə bağlı mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, görüşün baş tutacağı Quba Olimpiya İdman Kompleksində baş tutan tədbirdə öncə hər iki klubun baş məşqçisi Nuripaşa Talıbov və Hubert Lixaçev komanda üzvlərini təqdim edib.

Ardından boksçuların iştirakı ilə çəkiölçmə təşkil olunub.

Döyüşün supervayzeri Devid Frensis Bayron bildirib ki, sabah maraqlı döyüş gözlənilir. Onun sözlərinə görə, “Baku Fires” daim maraqlı döyüş keçirir.

“Baku Fires”in baş məşqçisi “Hussard Poland”ın qrup autsayderi olmasına baxmayaraq, rəqibə hörmətlə yanaşdıqlarını bildirib. Talıbov VII turda səfərdə Meksikanın “Mexico Guerreros” klubuna gözlənilməz məğlubiyyətləri barədə də danışıb: “Həmin ərəfədə Azərbaycan çempionatı keçirildiyindən, bu döyüşə yollanmamışdım. Ancaq 56 kq çəki dərəcəsində nəticə bir qədər şübhəli idi. Digər görüşlərdə təcrübəlilərlə yanaşı, debütantlara şans vermişdik. Hər iki komandanın heyəti bərabər idi. Sabah da yeni boksçuları görə biləcəyik. Bu, o demək deyil ki, rəqibə yuxarıdan aşağı baxırıq. Əksinə, hörmətlə yanaşırıq. Sadəcə, heyətdəki digər boksçulara da şans vermək istəyirik”.

O, hələ qrupda heç nəyin itirilmədiyini və 3-cü yerə ümid etdiklərini də bildirib: “Biz hazırda 4-cü yerdə qərarlaşmışıq. Amma 3-cü yerə yüksəlməyimiz də istisna deyil. Çünki qrupu 4-cü pillədə başa vursaq, ¼ finalda digər qrupun lideri ilə qarşılaşacağıq. Futbolda bilərəkdən top buraxmaq ola bilər. Burada isə hamı döyüşə qələbə üçün çıxır”.

Talıbov bu yaxınlarda keçirilmiş Azərbaycan çempionatı ilə bağlı fikirlərini də açıqlayıb. Baş məşqçi yarışda bəzi boksçuların çıxışını bəyəndiyini deyib: “56 kq çəki dərəcəsində Elnur Şəfiyevin döyüşü xoşumuza gəldi. Lakin onun 19 yaşı hələ tamam olmadığında “Baku Fires”də çıxış edə bilməz. 49 kq çəki dərəcəsində isə Araz İmaməliyevi bəyəndik və onu komandamıza dəvət etmişik”.

Çalışdırıcı ölkə çempionatında hakimlərin döyüşləri düzgün idarə etməməsindən də şikayətlənib: “69 kq və 81 kq çəkilərdə hakimlər obyektiv olmadılar. Obyektiv hakimlik olsaydı, Osman Əliyev və Batraz Qutsiyev daha yaxşı nəticə göstərəcəkdilər”.
 

“Hussard Poland”ın baş meneceri Yatsek Selaqovski zəif çıxışlarını güclü qrupda yer almaları ilə əlaqələndirib. O bildirib ki, “Baku Fires”in heyətində Məhəmmədrəsul Məcidovun yer almaması və 4 debütantın çıxışması komandasına əlavə üstünlük vermir: “Azərbaycan boksu inkişafdadır. Biz “Baku Fires”lə indiyədək 3 dəfə qarşılaşmış və hamısında uduzmuşuq. Bu dəfə isə ciddi müqavimət göstərməyə çalışacağıq”.

Qeyd edək ki, “Baku Fires” – “Hussard Poland” görüşü fevralın 8-də saat 19:00-da başlanacaq. Komandamızın heyətində Murat Rabadanov (52 kq) Marius Koçu, Məhəmmədrəşid Cəbrayılov (60 kq) Mateuş Polskini, Kamil Əhmədov (69 kq) İreneuş Zakrjevskini, Teymur Məmmədov (81 kq) Pyotr Podluçkini, Arslanbek Mahmudov (+91 kq) Arkadiuş Toboreki sınağa çəkəcək.