12:48 10-02-2014
news_image

“Hələ 500 qram ehtiyatı var” - MÜSAHİBƏ

“Baku Fires” klubunun meneceri Rizvan Gənciyev apasport.az saytına müsahibəsi

 

- Ümumdünya Boks Seriyası (WSB) Liqasının VIII turunda Polşanın “Hussars Poland” komandasını darmadağın edərək, vaxtından əvvəl pley-off mərhələsinə yüksəldiniz. Bu görüşü necə şərh edərdiz?

- Polşalılarla matçda əsasən debütantlara şans vermişdik. Onlar da özlərini yaxşı tərəfdən göstərməyi bacardılar. Rinqə çıxan 4 yeni boksçunun hər biri qələbə qazandı. Bu, başlanğıc üçün çox yaxşıdır. Teymur Məmmədov hətta I raundda da görüşünü bitirə bilərdi. Amma üzərində hələ çox çalışmalıdır. O, 3 ay idi rinqə çıxmırdı və “Baku Fires”in heyətində ilk görüşü idi. Cəmi 20 gün öncə komandaya qoşulub. Ümid edirik ki, Teymur hələ öz istedadını göstərəcək.  

 

- Dünya çempionu Məhəmmədrəsul Məcidov son anda heyətdən kənarda qaldı. Növbəti görüşlərdə onun köməyindən istifadə ediləcəkmi?

- O, yanvar ayını bizim düşərgədə keçirib və birgə hazırlaşıb. Ancaq sonra gah xəstələndi, gah məşq etdi. Qripə yoluxduğundan bizdən icazə alıb, evində şəxsi məşqçisi ilə hazırlıq keçir. Əgər son turda qarşılaşacağımız “Cuba Domaderos”la görüşə hazır olsa, onu da görüşə aparacağıq. Yəni, komandamızın üzvüdür, amma xəstədir.

 

- Artıq 1/4 finala vəsiqə qazanmısız. Son görüşlərdə qələbə qazanaraq, mövqeyinizi daha da yaxşılaşdırmaq növbəti mərhələdə nisbətən asan rəqib düşməsinə imkan verə bilərmi?

- Minimum vəzifənin öhdəsindən gəlmişik. Növbəti turda Rusiyanı evdə qəbul edəcəyik. Heç kim doğma divarlar arasında uduzmaq istəmir. Qələbə üçün döyüşəcəyik. Üçüncü və ya dördüncü olmağın fərqi yoxdur. Növbəti mərhələdə ya İtaliyanın “Dolce&Gabbana İtalia Thunder”, ya da Ukraynanın “Ukraine Otamans” klubu ilə düşəcəyik. Əgər finala kimi irəliləmək istəyiriksə, bizim üçün bu komandaların fərqi olmamalıdır. Qarşımızda da belə vəzifə durur. Əgər qrupda üçüncü ola biləcəyiksə, bu, lap yaxşı olar.

 

- Komandada hansı çəki dərəcələrində ciddi rəqabət yoxdur və bu, sizi narahat edirmi?

- 64 kq çəki dərəcəsində problemimiz var. Burada Heybətulla Hacəliyev təkdir. O, zədələnsə, əvəzləyicisi yoxdur və bu üzdən boksçunu qoruyuruq. 49 kq və 81 kq çəki dərəcələrində də çatışmazlıq nəzərə çarpır. 52 kq çəki dərəcəsində Elvin Məmişzadə də təkdir. Digər çəki dərəcələrinə gəlincə, 56 kq, 60 kq, 69 kq, 75 kq və 91 kq-da hər şey normaldır. +91 kq çəki dərəcəsində isə hər şey əladır. Bu çəki dərəcəsindən heç narahat deyilik.

 

- Pley-off öncəsi heyəti gücləndirmək üçün hansı tədbirlər görəcəksiniz?

- Faktiki cəhətdən yeni boksçu sifariş edə bilmərik. Yəni, legionerlərin sifariş müddəti bitib və 100 faiz olmayacaq. Lakin heyətə bir neçə yerli boksçu cəlb etmək istəyirik. Fikrimiz, 49 və 52 kq çəki dərəcələrini gücləndirməkdir. Azərbaycan çempionatının nəticələrinə əsasən Elnur Şəfiyevi (56 kq) çağırmışdıq. Məşqçilər onu yoxladılar. Amma təəssüf ki, onun 19 yaşı hələ tamam olmadığından “Baku Fires”də çıxış edə bilməz. Araz İmaməliyev (49 kq) məşqçilərimizin də xoşuna gəlib. Lakin hələ dəqiq nəsə deyə bilmərik. Belədə rəqiblərimiz məlumatlı olacaqlar. Bir sözlə, minimum vəzifənin öhdəsindən gəlmişik. İndi finala çıxmağa çalışacağıq.

 

- Məmmədov indiyədək 91 kq çəki dərəcəsində çıxış edirdi. İndi isə çəkisini  azaldaraq, gücünü 81 kq-da yoxlayır. Olimpiya mükafatçımızın yeni çəki dərəcəsində potensialını necə dəyərləndirirsiz?

- Teymur çəkisini azaltmaq üçün o qədər də əziyyət çəkməyib. Çünki 91 kq-da çıxış edəndə çəkisi 83 kq olurdu, hətta bəzən 82 kq-a da düşürdü. “Hussars Poland”la çəki öncəsi də gördük ki, hələ 500 qram ehtiyatı var. Mən əvvəllər Məmmədovdan ağır çəkidə çıxış etməsi ilə bağlı soruşurdum. İndi yeni çəki dərəcəsində pis döyüşmədi. Cəmi 20 gündür bizlədir və hələ hər şey qabaqdadır. Əsas odur ki, Teymurun istəyi var. Baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirir. Nizam-intizamı da yüksək səviyyədədir. Sınaq dövrünün yaxşı alındığını deyə bilərəm ki, o, komandada qalacaq.

 

- Bu mövsüm döyüşlərinizi Quba Olimpiya İdman Kompleksində keçirirsiz. Növbəti mərhələnin qarşılaşmaları başqa məkanda keçirilə bilərmi?

- 1/4 final matçı dəqiq Qubada olacaq. Sonrakı mərhələlərə isə baxarıq. Yarımfinala çıxsaq, bəlkə də Bakıda oynayarıq. Amma buradakı azarkeşlər çox xoşumuza gəlir. Komandanı yaxşı dəstəkləyirlər. Bu üzdən də 1/4 finalı başqa yerdə keçirmək bu azarkeşlərə qarşı etik cəhətdən düzgün olmaz. Onlar daha çox görüşə baxmağı haqq ediblər.