14:10 10-02-2014
news_image
1288
DÖYÜŞ NÖVLƏRİ

Teymur Məmmədov: Zərbələrim ona ləzzət eləməyib, əsəbiləşib - MÜSAHİBƏ

Boks üzrə Avropa çempionu, dünya çempionatının gümüş və bürünc, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədovun apasport.az saytına müsahibəsi

- Ümumdünya Boks Seriyası (WSB) Liqasında ilk görüşünüzə çıxdınız. “Baku Fires”in heyətində 81 kq çəki dərəcəsində “Hussars Poland”ın üzvü Pyotr Podluçki ilə görüşünüz necə alındı?
- Döyüş çox rahat keçdi. Rəqibimi nokaut da edə bilərdim. Lakin təcrübəm az olduğundan, görüşü sonadək keçirmək istədim. Qarşılaşma çox xoşuma gəldi. Növbəti döyüşümü səbirsizliklə gözləyirəm.

- Necə oldu ki, WSB Liqasında döyüşməyinə razılıq verdiniz?
- 2015-ci ildə keçiriləcək yarışlara hazırlıq görürəm. Bu mənada, WSB Liqasında döyüş mənim üçün çox vacibdir. Çalışıram ki, gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarınadək tam formaya düşəm. Ona görə də bu klubun heyətində məşq edir, döyüşlərə çıxıram. Baş məşqçimiz Nuripaşa Talıbov çox güclü mütəxəssisdir. Ona görə də bura gəlmişəm, burada hazırlaşıram.

- “Baku Fires” sizi əvvəllər də istəyirdi...
- Bəli. Amma klubum “Rabitə” ilə bağlı problemlər var idi. Daha dəqiqi, “Rabitə” məni “Baku Fires”ə buraxmırdı.

- Sonradan klubunuzu dəyişdiniz?
- Xeyr. Birgə razılığa gəldik.

- Azərbaycan Boks Federasiyası WSB Liqasında iştirakınızı necə qarşıladı?
- Federasiya da razılıq verdi. Əvvəllər vitse-prezidentimiz Ağacan Abiyev 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi olduğu üçün WSB Liqasında iştirakımı istəmirdi. Çünki bu liqada dəbilqəsiz vuruşmalı idim. İndi isə olimpiada, Avropa və dünya çempionatı yoxdur. Üstəlik, həm WSB Liqasında, həm də olimpiadada dəbilqəsiz döyüşməliyik. O mənada heç bir narazılıq olmadı.

- WSB Liqasında çəki dərəcənizi 91 kq-dan 81 kq-a dəyişmisiniz. Bu qərarınızdan sonra aşağı çəki dərəcəsindəki ən güclü boksçu ilə rəqabətə hazırsınız?
- 91 kq çəkidə son Azərbaycan çempionu Abdulqədir Abdullayevlə ötən il 2 dəfə üz-üzə gəlmişəm və hər ikisində qələbə qazanmışam. Çox güclü boksçudur. Amma bu il onunla döyüşməmişəm. 81 kq çəkidə isə özümü yoxlamaq istəyirəm. Yaxşı alınsa, özümü yaxşı hiss etsəm, qalacağam. Görsəm ki, alınmır, yenə 91 kq-a qayıdacağam.

- Bunun üçün yığma komandamızın 81 kq çəkidəki hazırkı 1 nömrəsi Rauf Rəhimovla aranızda döyüşün keçirilməsi mümkündür?
- Əlbəttə. Rəhimov hazırda bu çəkidə 1 nömrəlidir. Amma yığma komandaya düşmək üçün onunla mənim aramda sınaq döyüşü keçiriləcək. Kim güclü olsa, milliyə cəlb ediləcək.

- Ötən il zədələnmişdiniz. Bu zədə WSB Liqasında iştirakınıza problem yaratmayacaq?
- Həmin zədəni ayağımdan almışdım. Sınaq döyüşü vaxtı konflikt olmuşdu. Amma bundan sonra Qazaxıstanda keçirilmiş dünya çempionatında iştirak edərək, bürünc medal qazanmışam.

- Konflikt dediniz. K-1 döyüşçüsü Zabit Səmədovla aranızda yaşanan həqiqətən də münaqişə idi, yoxsa təsadüfi alınmışdı?
- Buna konflikt də demək olmaz. Məşq vaxtı yaşanmışdı.

- Belə məlumatlar var ki, boks yığmamızın heyətində məşqlərə qatılan Səmədov sınaq döyüşü zamanı çoxsaylı zərbələrinizdən əsəbiləşərək, ayağınıza təpiklə vurub...
- Bəli, bir az əsəbiləşmişdi. Belə alındı.

- Siz də ona əsəbi cavab verdiniz?
- Biz artıq bir-birimizi başa düşmüşük. Anlayıram ki, Zabit boksa başqa idman növündən gəlib. Mən ondan cavan olduğumdan, sınaq döyüşü zamanı zərbələrim ona ləzzət eləməyib, əsəbiləşib. Üstəlik, onun məşğul olduğu idman növü çox çətindir.

- Ümumiyyətlə, Səmədovun boksa 91 kq çəki dərəcəsində rəqabət hiss etməyin üçün gətirildiyi deyilir...
- Ötən il Abdulqədirin toyu olmuşdu, dincəlirdi. Bu çəkidə ondan başqa heç kim yox idi. Ona görə də Zabiti gətirdilər ki, mənə dünya çempionatı öncəsi sınaqçı rəqib kimi kömək etsin.

- Hazırda Azərbaycanda sizi yığmadan kənarlaşdıra biləcək boksçu var, yoxsa özünüzü arxayın sayırsınız?
- Arxayınçılığım heç vaxt olmur. Bunu rinq göstərəcək. Amma yenə də özümə inanıram. Baxaq görək...

- Hansı çəki dərəcəsini nəzərdə tutursunuz?
- Hər ikisini.

- Bu il Avropa və dünya çempionatı da yoxdur. Bəs yığmamızın heyətində beynəlxalq turnirlərdə iştirak edəcəksiniz?
- Lazım olsam, gəlib vuruşacağam. Yığmamızın baş məşqçisi Vladimir Zolotaryovla əlaqədəyəm. O, nə vaxt çağırsa, lazım olduğumu desə, gedəcəyəm. Amma hələ ki, “Baku Fires”in heyətindəyəm.

- Bəs həvəskar boksla WSB Liqası arasındakı fərqin sizə problem yaradacağını düşünmürsünüz?
- Əvvəllər dəbilqə fərqi var idi. İndi onu aradan qaldırıblar. Dəbilqəsiz döyüş mənim üçün çox rahatdır. Bir də həvəskar boksda 3 raund, WSB Liqasında 5 raund döyüşməliyəm. Bu isə elə də fərq etmir.

- Amma sizdə fiziki hazırlıq baxımından da problem var. Bunu London olimpiadasında da, ötənilki Avropa və dünya çempionatlarında da gördük. Fiziki hazırlıq sizə 5 raundluq döyüşlərdə problem yarada bilər?
- Uşaqlarla söhbət etmişik. Onlar da deyirlər ki, bu, psixoloji hazırlıqdan asılıdır. 3 raundluq vuruşanlar indi 5 raundda döyüşürlər. Bu, köklənmədən asılıdır. Özünü neçə raunda kökləsən, o qədər də vuruşacaqsan.

- Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün lisenziya qaydalarını açıqlayıb. Bu dəfə olimpiadalara həvəskar boksdan lisenziya almaq çətinləşib. Yuxarı çəkilərdə isə bu, ümumiyyətlə, müşkülə çevrilib. İndi siz növbəti olimpiadaya WSB Liqasından, yoxsa həvəskar boksdan lisenziya qazanmaq niyyətindəsiniz?
- Yəqin ki, WSB Liqasından lisenziya qazanmaq daha asan olacaq. Çünki burada yekun reytinq siyahısında ilk “8-liy”ə düşənlər olimpiadaya vəsiqəyə yiyələnir. Həvəskar boksda isə dünya çempionatında yalnız yuxarı çəkilərdə 1-2-ci yerlərə lisenziya veriləcək. Yəni, həm həvəskar boksdan, həm də WSB Liqasından vəsiqə qazanmaq mümkündür. Lakin hər ikisindən çətindir.

- Amma “Çoxa ümid edən azdan da qalar” məsəli var. Bu baxımdan, lisenziya üçün hansı variantı seçmək fikrindəsiniz?
- Çalışacağam ki, WSB Liqasından qazanım.

- Bəs APB-dən (AİBA-nın Peşəkar Boks yarışı – red.) necə?
- Mənə təklif gəlmişdi, amma müqavilə bağlamadım. Çünki birdən-birə 3 yarışda – həvəskar boks, WSB Liqası və APB-də döyüşə bilmərəm.

- Amma komanda yoldaşınız Məhəmmədrəsul Məcidov təklifi qəbul edib...
- Mən onun seçimi barədə bir söz deyə bilmərəm.

- APB maliyyə cəhətdən daha sərfəli yarışdır...
- Mən də eşitmişəm ki, APB-yə çox yaxşı baxırlar. Amma orada ilk döyüşə 6 raunddan başlayırsan. Sonrakı görüşlər 8, 10, 12 raundadək uzanır. Yəni, çox çətin sistemdir. Baş açmaq olmur.