13:07 11-02-2014
news_image
893
DİGƏR NÖVLƏR

Rio-de-Janeyro-2016: Qəbələdə 34, Bakıda 15 lisenziya veriləcək

Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (İSSF) Rio-de-Janeyro-2016 üçün lisenziyaların kvotasını və onların hansı yarışlarda veriləcəyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Braziliyada güllə və stend atıcılığı üzrə 390 snayper qüvvəsini sınayacaq.

 

Bunlardan 357-si müxtəlif yarışlarda veriləcəyi halda, 9 vəsiqə ev sahibinə təqdim olunacaq. 24 lisenziya isə “wild card”la öz sahibini tapacaq.

 

Bu vəsiqələrdən 49-ü məhz Azərbaycanda paylanacaq. 2015-ci il avqustun 6-16-da Qəbələdə təşkil olunacaq Dünya kubokunda 34 lisenziya veriləcək. Təxminən 1600-1800 idmançının qatılacağı yarışda bütün - 15 növ üzrə vəsiqələr öz sahibi tapacaq. Burada 11 növdə ilk 2 yeri tutacaq snayperlər Rio-de-Janeyroya bilet sifariş edəcəklər. Digər 4 növdə bütün mükafatçılar eyni hüquqa yiyələnəcəklər.

 

Həmin Bakıda baş tutacaq I Avropa Oyunlarında isə 15 idmanının Braziliyada iştirakı təsdiqlənəcək. İyunun 12-28-də olacaq yarışda yalnız çempionların Olimpiada arzuları çin olacaq.

 

Qeyd edək ki, lisenziya yarışlarına sentyabrın 6-20-də İspaniyanın Qranada şəhərində keçiriləcək dünya çempionatı ilə start veriləcək. Snayperlər burada 64 vəsiqə uğrunda mübarizə aparacaqlar.