12:39 14-02-2014
news_image
1448
DÖYÜŞ NÖVLƏRİ

“Əcnəbi məşqçilər bizdən zəifdir” - MÜSAHİBƏ

Azərbaycan cüdo yığmasının baş məşqçisi postuna əsas namizəd Hacıağa Hacıəhmədovun apasport.az saytına müsahibəsi
 

- Avstriyalı mütəxəssis Peter Zayzenbaherin gedişindən sonra yığmada onu əvəzləyəcəyiniz bildirilir. Bu posta keçməyiniz münasibətilə indidən sizi təbrik etmək olarmı?

- Xeyr, hələlik konkret nəsə yoxdur. Atalar demişkən, “Qız evində toydur, oğlan evinin xəbəri yoxdur”.

 

- Təklif gələcəyi təqdirdə, qəbul edəcəksizmi?

- Baxır şərtlərə. Mən yeniyetmələr və gənclər yığmasında baş məşqçi olmuşam, böyük yaş qrupu ilə işləmişəm. SSRİ vaxtında da millidə, həmçinin Türkiyədə əsas çalışdırıcı olmuşam. Yəni, mənim üçün baş məşqçi olmaq çətin deyil.

 

- Sizi danışıqlara çağırsalar, hansı şərtləri irəli sürəcəyinizi müəyyənləşdirmisiz?

- Əsas maliyyədir. Pul olduqdan sonra hər şey düzələcək. Təlim-məşq toplanışları, yarışlarda iştirak vacibdir.

 

- Karyeranız əsasən müxtəlif yaş qrupları üzrə yığmalarla bağlı olub. Sizcə, Peter Zayzenbaher necə komanda qoyub getdi?

- Mən onunla işləməmişəm, bunu Peterlə işləyənlər daha yaxşı bilər. Amma onun işlədiyi 1 il ərzində uşaqların səviyyəsini aşağı salması da mümkün deyil. Elxan Məmmədov dünya çempionu oldu, Orxan Səfərov mundialı bürünc medalla baş vurdu. Yeni zallar kirayəyə görüldü. Bir sözlə, onun yığmamıza gəlişi pis olmadı. Çünki belə şəraiti biz işləyən vaxt görməmişdik. İndi də biz Zayzenbaherin gedişindən sonra həmin şəraitin davamı olmasını istəyirik.

 

- Yəqin ki, avstriyalı çalışdırıcının aylarla Yaponiya və digər ölkələrdə təlim-məşq toplanışını nəzərdə tutursuz...

- Bəli, biz o şeyləri görə bilməzdik. Həmin şərait bizə yaradılmazdı. Bunları gördükdən sonra davamı olmalıdır. Bilirsiz, maliyyə olan yerdə problemlər də nəzərə çarpmır. Məsələn, Peter yığmamıza yeni gəldiyi vaxt hazırlığa 30-35 nəfəri aparırdı. Sonuncu dəfə 10 nəfərə yaxın idmançı ilə səfərə yollanmışdı. Düzdür, sayı dəqiq olmasa da, məncə, ciddi fərq də yoxdur. Mənə təklif gələcək, ya gəlməyəcək, bilmirəm. Amma çətinlik maliyyə söhbətlərində yarana bilər. Mütəxəssislər – işləyən insanlar var. İdmançı sarıdan hansısa çətinlik yoxdur. Yeniyetmələr, gənclər də yaxşı səviyyədədir. Məsələn, mən gənclərlə ötən il işlədim, Avropa çempionatında 2 qızıl və 3 bürünc medal qazandıq. Bu, tarixdə olmayan bir şey idi.

 

- Sizə təklif gələcəyi halda, köməkçiləriniz kim olacaq?

- Bunu təklif olduqdan sonra fikirləşərik.

 

- Ola bilərmi, vaxtilə millidə köməkçisi olduğunuz Ağayar Axundzadə məşqçilər korpusunda yer alsın?

- Hələlik, “arxı hoppanmamış, hop etmək” lazım deyil. Yəni, məşqçilər korpusu da mənim fikrim deyil, komandanın razılığı ilə formalaşmalıdır. Federasiyada rəsmilər, o cümlədən vitse-prezidentlər, baş katib var. Onlarla oturub, dəqiqləşdirmək olar. Amma bu təkliflərə baxır. Diktatorluq yox, işgüzar təcrübəsi olan adamı unutmaq lazım deyil, tutmaq lazımdır. Fikrimcə, cavan mütəxəssisləri də komandaya cəlb etmək lazımdır. Yəni, karyerasını yeni bitirənləri nəzərdə tuturam. İndi onlar haradasa işləyir və millidə çalışmağa vaxtları olub, olmadığını öyrənmək lazımdır. Əgər işləyə biləcəklərsə, gəlsinlər. Yox əgər bu alınmayacaqsa, kömək etsinlər.

 

- Maraqlıdır, başqa bir mütəxəssisi baş məşqçi təyin edib, sizə köməkçi olmaq təklifi gəlsə, bunu qəbul edərsizmi?

- Bizim indi ehtiyat qüvvəyə ehtiyacımız var. Həmişə aşağı yaş qruplarından başlamaq lazımdır. Nicat Şıxəlizadə, Elnur Məmmədli, Elxan Məmmədov, Kifayət Qasımova və ya digərləri olsun, onlarla da yeniyetmə vaxtlarından birgə çalışmışıq və indi böyüklərdə rahat iş gedir. Təməl düzgün qoyulmalıdır. Öz mütəxəssislərimizə nə olub? Niyə kimsə qıraqdan gəlməlidir? Həmin şəraiti bizə yaratsınlar, biz onlardan pis işləmərik. Əksinə, bəlkə də onlar bizdən zəifdirlər.