17:32 18-02-2014
news_image

Rusiya yığması Azərbaycana gətirəcəyi heyəti açıqladı

Fevralın 22-də Ümumdünya Boks Seriyasının (WSB) IX turun matçında Azərbaycanın “Baku Fires” və Rusiya komandaları qarşılaşacaq. Boks Federasiyasından apasport.az saytının məlumatına görə, Quba Olimpiya İdman Kompleksində saat 19:00-da start götürəcək görüş üçün artıq hər 2 klub heyətini açıqlayıb.

 

Şimal qonşularımızın heyətində 49 kq çəki dərəcəsində mübarizə aparacaq Bator Saqaluyev ötən il də ölkəmizdə olub. O, “Böyük İpək Yolu” turnirində yalnız finalda uduzaraq, gümüş medala layiq görülmüşdü. Rusiyalı boksçu WSB liqasında 1 döyüş keçirərək, məğlub olub.

 

Aleksey Yeqorov da boks həvəskarlarına yaxşı tanış olan simadır. O, ötən il Minskdə keçirilən Avropa çempionatında qızıl medala layiq görülüb. Finalda Yeqorovla qarşılaşan Teymur Məmmədov zədələndiyindən döyüşü sonadək davam etdirə bilməmişdi. 2013-cü ildə Rusiya çempionu olan boksçu ilə Abdulqadir Abdullayevin döyüşü gərgin keçəcək.

 

Petr Xamukov da Rusiya komandasının tanınan boksçularındandır. O, Neft Ölkələrinin Dünya Kubokunda qalib olmaqla yanaşı, ötən il Sankt-Peterburqda döyüş növləri oyunlarında 1-ci yeri tutub. Maraqlıdır ki, Veselov kimi rusiyalı boksçu da cari mövsümdə WSB liqasında yalnız Sergey Derevyançenkoya uduzub.

 

Cari çempionatda 2 qarşılaşmada qalib gələn milli komandamızın üzvü Heybətulla Hacəliyevin növbəti çıxışı maraqla gözlənilir. Hacəliyev bu dəfə Maksim Dadaşevi üstələməyə çalışacaq.

 

Komandaların heyətləri:

Baku Fires – Rusiya

49 kq. Xamza Nametov – Bator Saqaluyev

56 kq. Məhəmməd Qurbanov – Nikita Fedorçenko

64 kq. Heybətulla Hacəliyev – Maksim Dadaşev

75 kq. Nikolay Veselov – Pyotr Xamukov

91 kq. Abdulqadir Abdullayev - Aleksey Yeqorov

Qeyd edək ki, hazırda “Baku Fires” klubu 8 görüşdən 14 xal toplayaraq, B qrupunda 3-cü yeri tutur. Təmsilçimizdən 1 qarşılaşma az keçirən şimal qonşumuz 13 xalla 4-cü pillədədir.

 

Turnir cədvəli:

1. Cuba Domaderos – 21 xal (7 görüş)

2. Astana Arlans – 19 (8)

3. Baku Fires – 14 (8)

4. Rusiya – 13 (7)

5. Mexico Guerreros – 6 (8)

6. Hussars Poland – 1 (8)

 

Bu həftə B qrupunda daha iki qarşılaşma baş tutacaq: “Mexico Guerreros” səfərdə “Hussars Poland”la qarşılaşacaq. “Cuba Domaderos” isə doğma rinqdə “Astana Arlans”la qarşılaşacaq.