16:18 19-02-2014
news_image
1604
DİGƏR NÖVLƏR

Soçi-2014: İdmançımız 53-cü yeri tutdu

Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında bu gün Azərbaycan millisinin daha bir idmançısı start xəttinə çıxıb. Apasport.az saytının məlumatına görə, nəhəng slalomda Patrik Braxner nəyə qadir olduğunu nümayiş etdirib.
 

Milliləşdirilən legionerimiz 109 xizəkçinin qatıldığı ilk yürüşdə mübarizəyə 59-cu qoşulub. Finiş xəttinə 1:31:32 dəqiqəyə çatan Patrik ilk cəhdini sona çatdıran 79 nəfər arasında 60-cı yeri tutub. O, lider Ted Liqetidən (ABŞ) 10,24 saniyə geri qalıb.

 

İlk mərhələdə finişə çatanlar ikinci yürüşdə də mübarizəni davam etdiriblər. Patrik bu cəhdində əvvəlkindən pis nəticə göstərib - 1:32:31 dəqiqə (+9,12). Amma buna baxmayaraq, daha 7 idmançının finiş xəttinə çata bilməməsi onun 53-cü olması ilə nəticələnib.

 

Ümumi göstəricidə 3:03:63 dəqiqə nəticə göstərən xizəkçimiz  yekunda da məhz 53-cü yeri tutub.

 

Qalib adına ilk mərhələdə finişə birinci (1:21:08), ikinci mərhələdə 14-cü (1:24:21) olan Liqeti yiyələnib (2:45:29). İkinci yerdə fransalı Stiv Masilye (1:22:58 + 1:23:19), üçüncü pillədə isə komanda yoldaşı Aleksis Penyuro qərarlaşıb.

 

Qeyd edək ki, Braxner fevralın 22-də slalomda da yarışacaq. Ondan öncə isə millimizin heyətində fiqurlu konkisürmə yarışında Aleksey Sitnikov – Yuliya Zlobina dueti çıxışını başa vurub. Onlar Qış Olimpiya Oyunlarında rekordumuzu müəyyənləşdirərək, 12-ci yeri tutublar.