11:47 20-02-2014
news_image
553
DİGƏR NÖVLƏR

Soçi-2014: Felps baxır, “qoca” tarix yazır

Qış Olimpiya Oyunları tarixində yeni rekord müəyyənləşib. Apasport.az saytının məlumatına görə, norveçli Ole Eynar Byorndalen “Ağ Olimpiada”larda qazanılan medallar sayında mütləq nailiyyət əldə edib.

 

O, bunu Soçidə keçirilən XXII Olimpiya Oyunlarında rəsmiləşdirib. 40 yaşlı tanınmış biatlonçu qarışıq estafet yarışlarında çempion Norveç millisinin heyətində qazandığı növbəti qızılla medalların ümumi sayını 13-ə çatdırıb. Olimpiadada 16 il öncə debüt edən Byorndalen qatıldığı 5 analoji yarışda 8 qızıl, 4 gümüş və 1 bürünc medal əldə edib.

 

Bununla da o, həmyerlisi Byorn Delinin rekordunu arxada qoyub. 1992-1998-ci illərdə 3 Olimpiadaya qatılan norveçli xizəkçi 12 medal qazanmışdı. Byorndalen Delinin medal rekordunu yeniləməkdən başqa, onun çempionluq sayını da təkrarlayıb. Çünki xizəkçi də biatlonçu kimi 8 qızıl və 4 gümüş qazanmışdı. Byorndalen yalnız 1 bürüncün sayəsində üstünlük əldə edib. Bu idmançı qızıl sayında da mütləq rekorda sahib çıxa bilər. Bunun üçün o fevralın 22-də keçiriləcək kişilərin estafet yarışında da millisi ilə çempion olmalıdır.

 

Qeyd edək ki, Yay və Qış Olimpiya Oyunlarının mütləq rekordçusu Maykl Felpsdir. ABŞ üzgüçüsü 18-i qızıl olmaqla, 22 Olimpiya medalı qazanıb.