14:39 20-02-2014
news_image
1593
DÖYÜŞ NÖVLƏRİ

Millimizin baş məşqçisi gördüyü faciədən danışdı: Birdən yerə yıxıldı...

“Turnirdə əsas məqsəd idmançılarımızı yoxlamaq idi. Biz Avropa və dünya çempionatına kimi 3 beynəlxalq turnirdə iştirak nəzərdə tutmuşuq ki, lazımı heyəti formalaşdıraq”. Bu sözləri apasport.az saytına açıqlamasında kişi taekvondoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ələkbər İmaməliyev deyib.

 

Təcrübəli mütəxəssis az öncə Misirin Luksor şəhərində təşkil olunan “Luxor Open” turnirində millimizin çıxışını dəyərləndirib.

 

O bildirib ki, komandamızın 3 qızıl və 3 bürünc medal qazanmasını uğurlu nəticə hesab etmək olar: “Bu nəticə ilə biz 35 ölkə arasında 2-ci yeri tutduq. Misirdə keçirilən yarış reytinq xalı verdiyindən, buraya güclü komandalar gəlmişdi. Biz də ilin məsul yarışlarına ən güclü taekvondoçuları seçmək üçün bəzi çəkilərdə 2 və ya 3 idmançını sınadıq. Lakin bu, son deyil. Qalib gələn və ya uduzanlara yenə şans verəcəyik”.

 

İmaməliyev komandada ümidləri doğrultmayanlardan da danışıb. Lakin baş məşqçi bunu qarşıdakı təlim-məşq toplanışlarında aradan qaldırmaqlarına inanır: “Biz London Olimpiadasında ölkəmizi təmsil edən Ramin Əzizovdan qızıl medal gözləyirdik. O, yarımfinala da inamla başladı. İkinci raunddan sonra 4:1 hesabı ilə öndə olsa da, sonda 5:7 hesabı ilə uduzdu. Həmçinin, Radik İsayev də qələbəyə yaxın idi. Amma alman rəqibinə 1 xal fərqi ilə məğlub oldu. Bu məğlubiyyətlərdə bütün çatışmazlıqları özümüzdə qeyd etmişik. Qarşıdakı hazırlıqlarda bunun üzərində işləyib, aradan qaldıracağımıza ümid edirəm”.

 

“Luxor Open” həm də faciə ilə yadda qalıb. Baş məşqçi bildirib ki, gənclər arasında Avropa çempionu olan Seyithan Akbalıkın tatamidə yıxılması gözləri qarşısında baş verib: “63 kq çəki dərəcəsində döyüşən bu idmançı serbiyalı ilə döyüşürdü. Özü də hesabda öndə idi. Amma sonradan hər şey dəyişdi. Rəqibi ona sinədən zərbə vurdu və Akbalık 5-10 saniyə dayanıb, birdən yerə yıxıldı. Bundan sonra onu xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmadı. Həmçinin, bu döyüşdən sonra yarış da davam etdirildi. Amma səhəri gün turnirdə bir qədər fasilə yarandı. Öncə mərhumun xatirəsi yad edildi, ardınca bütün federasiyalar, məşqçilər və idmançılar Türkiyə komandasına başsağlığı verdilər”.

 

İmaməliyevin sözlərinə görə, 21 yaşlı Akbalıkla Azərbaycan taekvondoçularının yolu heç vaxt kəsişməyib. Çalışdırıcı ölümün də səbəbini tam dəqiqləşdirə bilmədiklərini söyləyib: “Biz də internet vasitəsilə öyrəndik ki, əvvəllər ürəyində problem olub. İdmanla vidalaşıb, sonra yenidən qayıdıb. Amma bu tam dəqiq deyil. Biz də müxtəlif KİV vasitələrindən bunu oxuyuruq”.

 

Qeyd edək ki, Misirdə taekvondoçularımızdan Mikayıl Əliyev (54 kq), İlkin Şahbazov (74 kq), Fəridə Əzizova (67 kq) qızıl, Samir Aydınov (54 kq), Ramin Əzizov (80 kq) və Radik İsayev (87 kq) bürünc medal qazanıblar.