18:34 22-02-2014
news_image
1346
DİGƏR NÖVLƏR

“Rusiyada bizə bu imkanı vermirdilər” - MÜSAHİBƏ

Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında rəqs duetləri arasında yarışlarda 12-ci yeri Azərbaycan fiqurlu konkisürənləri Yuliya Zlobina və Aleksey Sitnikov BBC Rus xidmətinin müxbiri Rafael Sahakova müsahibə verib. Apasport.az saytının xəbərinə görə, 2010-cu ilədək Qran-pri yarışlarının müxtəlif mərhələlərində Rusiyanı təmsil edən idmançılar ölkəmizə üstünlük vermələrindən danışıblar.

 

- Siz Soçidə 12-ci yerdən razısınız, yoxsa daha yüksək nəticəyə ümid edirdiniz?
Y.Zlobina: Qısa proqramdan sonra 14-cü yeri tutanda qorxurduq ki, bundan artığına ümid yoxdur. Lakin sərbəst proqram bizi elə ruhlandırdı ki, daha yaxşı nəticə göstərmək haqqında düşündük. Əlbəttə, hamı “onluğa” düşmək istəyir, aydın məsələdir, Ancaq başlıca məqsədimiz yaxşı çıxış etmək olub.
 

- İlk Olimpiadanızda, eyni zamanda, sizin üçün doğma Rusiyada çıxış edərkən nə hiss edirdiniz?
Y.Zlobina: Qısa rəqs elə tez keçdi ki, bunun Olimpiada olduğu o qədər də hiss edilmədi. Lakin sərbəst proqram zamanı bunun nə qədər vacib olduğunu anlayır, çox həyəcan keçirirdik. İdmanla məşğul olarkən, məhz Olimpiadada iştirak etmək üçün çalışırsan. Biz artıq üçüncü ildir ki, Azərbaycan bayrağı altında çıxış edirik və bu, prinsipcə bizim üçün vacibdir.
A.Sitnikov: Olimpiada başqa bir aləmdir. Bunu başa düşmək üçün burada olmaq lazımdır. Olimpiadanın başqa yarışlardan fərqi hiss olunur. Burada daha çox ehtiras var.
 

- Azərbaycan yığmasının tərkibində çıxış etməyə sizi sövq edən başlıca amil Olimpiadaya qatılmaqdırmı?
Y.Zlobina: Biz konki sürməyi çox sevirik. Bunu bacardığımıza inanırıq. Rusiyada isə bizə bu imkanı vermirdilər. Rusiyada bəlkə də, yeniyetmələr arasında nə isə əldə etmək olar, lakin yığmanın əsas tərkibində bu mümkün deyil - ciddi rəqabət var. Hər kəs çıxış etmək istəyir, lakin imkan vermirlər. Biz qərara gəldik – niyə də yox? Arzularımız böyükdür, burada isə belə imkan açılıb.
A.Sitnikov: Rusiyada cütlüklər çoxdur, lakin biz öz gücümüzə inanırıq. İndi xalq bizə məhz beynəlxalq arenada tamaşa etdi. Çoxlarının xoşuna gəlirik. Ümid edirik ki, bu, gələcəkdə də davam edəcək.
 

- Azərbaycan yığmasına keçdikdən sonra məşq prosesində nə dəyişiklik olub?
Y.Zlobina: Azərbaycan yığmasının tərkibində biz iki il dünya və Avropa çempionu, Olimpiya Oyunlarının ikiqat mükafatçısı Aleksandr Julinlə işləmişik. Buna qədər bizim belə imkanımız olmamışdı. Çünki biz Kirovdanıq, Kirov isə Moskva deyil. Azərbaycan rəhbərliyi isə bizə bu imkanı verdi.
A.Sitnikov: Bizim üçün məşqçi seçmək imkanı açılıb. Məsələn, Amerikada konki sürmək imkanı. Bu mövsümün əvvəlindən İqor Şpilbandın rəhbərliyi altında məşq etmişik. O, buz üstündə rəqs üzrə son iki Olimpiadada qalib gəlmiş fiqurlu konkisürənlərlə işləmiş məşqçidir. Orada məşq prosesi başqa cür qurulub. Məşqçi hamı ilə bir yerdə yox, fərdi qaydada işləyir.
 

- Azərbaycan sizi daha nə ilə cəlb edib? Başqa təkliflər olubmu?
Y.Zlobina: Xeyr, elə alınıb ki, məşqdə ilk bizə baxmağa gələn Azərbaycan nümayəndələri olub. Məhz Azərbaycan bizə belə variant təklif etdi, lakin hər şey çox uzun çəkdi. Başqa təklif edənlər olmayıb.
 

- Olimpiadada çıxış üçün proqramı necə seçdiniz?
A.Sitnikov: Əvvəlcə, biz tamaşaçılara nəyə qadir olduğumuzu göstərmək istəyirdik. Biz öz üslubumuzu, qeyri-adiliyimizi göstərmək istəyirdik. Qısa proqram üçün “Çəhrayı pantera” kompozisiyanı da ona görə seçmişdik. O şən və maraqlıdır.
Y.Zlobina: Sərbəst proqram üçün biz dramatik süjet fikirləşmişdik, çünki özümüzü başqa ampluada yoxlamaq istəyirdik. Lakin İqor Şpilband razı olmadı. O dedi ki, bu, Olimpiadadır və çox da qəmli nömrə hazırlamağa dəyməz. Bu zaman biz ortaq qərar qəbul etmək fikrinə düşdük. Bu, alman xoreoqrafı Pina Bauş haqqında çəkilmiş “Pina” filminin saundtreki oldu. Əlbəttə, ola bilsin ki, hər şeyi buz üzərinə çıxarmağa çalışmamışıq. Belə ki, film kifayət qədər ağırdır.
 

- Siz Soçi yarışlarının yekunlarına görə, Rusiyanın üçüncü - Sinitsina-Jiqanşin - duetindən irəli çıxmısınız. Sizin üçün bunun hər hansı bir prinsipial əhəmiyyəti varmı?
A.Sitnikov: Düşünürəm ki, bəli, biz onlarla yarışmışıq. Bu mövsümdə biz birinci dəfə Universiadada, sonra Avropa çempionatında və burada görüşmüşük. Universiadada biz onlardan irəli çıxmışdıq, Avropa çempionatında isə biz altıncı, onlar isə dördüncü olmuşdular.
 

- Azərbaycanı təmsil etdiyiniz illər ərzində ölkə ilə əlaqənizi nə dərəcədə hiss etmisiniz?
A.Sitnikov: Bakı bizim çox xoşumuza gəlir. Gözəl şəhərdir, orada hər şey abadlaşdırılır. Sahilyanı bulvar çox gözəldir.
Y.Zlobina: Biz orada çox da uzun müddət olmamışıq. Lakin dünya çempionatından sonra yenə Bakıya getməyə hazırlaşırıq. Hələlik qonaq kimi, çünki məşq etməyə şərait imkan vermir.
A.Sitnikov: Şərait olsaydı, biz orada daha çox vaxt keçirərdik. Orada hələ buz meydançaları yoxdur, kütləvi konki sürmək üçün meydançalar var, müəyyən fırlanmalar və ya başqa sadə elementlər etmək mümkündür, lakin bizim üçün bu kifayət deyil.
Y.Zlobina: Biz Azərbaycanda fiqurlu konkisürmənin inkişaf etməsini istəyirik, rəhbərlikdən çox şey xahiş etmişik. Ümid edirik ki, Olimpiadadan sonra irəliyə doğru addım atılacaq.

AzərTac