22:54 24-02-2014
news_image
770
DİGƏR NÖVLƏR

“Synergy Baku”nun “Tour de Langkawi” heyəti

 

Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku”nun üzvləri Elçin Əsədov və Tural İsgəndərov fevralın 27-də Malayziyada start götürəcək Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.HC kateqoriyalı “Langkawi” turunda iştirak edəcəklər. Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə,  10 mərhələdən ibarət yarışda yüksək yerlərə iddia edən velosipedçilərimiz bundan öncə Avstraliyada mübarizə apardıqları “Herald Sun Tour” yürüşü ilə bağlı fikirlərini bölüşüblər.

Azərbaycanın Elit yığma komandasının da şərəfini qoruyan 27 yaşlı Elçin Əsədov soyuqdəymə səbəbindən Avstraliya turunun ilk mərhələsində istədiyi kimi çıxış edə bilmədiyini deyir: “Tibbi personalımızın köməkliyi sayəsində tez sağaldım və mümkün qədər komandaya kömək etməyə çalışdım. Mənim üçün əsas olan məşqçilərin tapşırığını həyata keçirmək idi ki, bu işin öhdəsindən gəlməyə cəhd göstərdim. “Langkawi” turuna gəlincə, bu Asiyada ən çətin yarışlardan biridir. 10 gün ərzində mənə nə tapşırılacaqsa, onu da etmək üçün mübarizə aparacam”.

Elçin Əsədov 2014-cü ildə qarşısına qoyduğu hədəflər haqqında da danışıb: “Mayda ölkəmizdə keçiriləcək “Tour d”Azerbaidjan” veloyürüşünün bir mərhələsinin qalibi olmağı çox istəyirəm. Bundan başqa, bu ilin sentyabrında İspaniyada keçiriləcək dünya çempionatında da uğurla çıxış etməyi arzulayıram” – deyə, Elçin bildirib.

Azərbaycanın U-23 milli komandasının üzvü, 22 yaşlı Tural İsgəndərov isə Avstraliya turundakı çıxışına bir qədər tənqidi yanaşır: “Düzdür, iqlim dəyişikliyi və havanın isti olması mənə müəyyən problemlər yaratdı, amma bu qətiyyən bəhanə olmamalıdır. Əgər dağ mərhələsində mövqeyimi düzgün seçsəydim, yəqin daha yaxşı nəticə qazana bilərdim. O ki qaldı “Langkawi” turuna, oradakı məqsədim məşqçilərin tapşırığına əsasən dəyişə bilər”.

Yeri gəlmişkən, fevralın 27-də start götürəcək 10 mərhələli “Langkawi” turunda iştirakçılar 1495 km məsafə qət edəcəklər. Elçin Əsədov və Tural İsgəndərovdan başqa “Synergy Baku”nun heyətində bu yarışda Daniel Klemme, Maykl Şvayzer, Patrik Leyn və Metyu Bremmier də mübarizə aparacaq.