10:16 27-02-2014
news_image
584
DİGƏR NÖVLƏR

Malayziyada möhtəşəm başlanğıc

Malayziyada Beynəlxalq Velosipedçilər İttifaqının 2.HC kateqoriyalı “Tour of Langkawi” yarışı Azərbaycanın “Synergy Baku” komandası üçün uğurla başlayıb. Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, 101 km-dən ibarət ilk mərhələdə komandamızın irlandiyalı üzvü Metyu Bremmier 2 saat, 21 dəqiqə, 51 saniyə göstərici ilə finiş xəttini 2-ci keçib və fəxri kürsüdə yer alıb.

O, dağ mərhələsində hamıdan yaxşı çıxış etməklə qırmızı maykanı da ələ keçirib. İlk mərhələnin qalibi isə “Colombia” komandasının üzvü Duber Kointero olub – 2 saat, 21 dəqiqə, 40 saniyə.

“Synergy Baku”nun almaniyalı velosipedçisi Maykl Şvayzer, həmvətənlərimiz Elçin Əsədovla Tural İsgəndərov və avstraliyalı Patrik Leyn isə liderə 18 saniyə uduzmaqla finiş xəttini eyni anda keçiblər. Velosipedçilərimizin uğurlu çıxışı “Synergy Baku”nun komanda hesabında 2-ci yerdə qərarlaşmasına şərait yaradıb.

Sabah keçiriləcək 2-ci mərhələdə iştirakçılar 132.5 km məsafə qət etməlidirlər.

Qeyd edək ki, yarışda 6 Dünya Turu, 5 Pro Kontinental, 7 Kontinental və 3 milli komanda mübarizə aparır. 10 gün davam edəcək yürüşə martın 7-də yekun vurulacaq.