14:16 28-02-2014
news_image
884
STOLÜSTÜ OYUNLAR

“Top-100”də yeni sima, Rəcəbov 3 pillə gerilədi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, mart üçün açıqlanan siyahının ilk “yüzlüy”ündə bu dəfə 4 həmyerlimiz yer alıb.

 

Onlardan ən yüksək reytinqə Şəhriyar Məmmədyarov malikdir. Şahmat tacına iddialıların turnirində ölkəmizi təmsil edəcək zəka sahibi 13-cü yerdədir. Onun yeri kimi reytinq xalında da dəyişiklik olmayıb – 2757.

 

Məmmədyarovdan fərqli, Rauf Məmmədov 87-ci yeri 84-cü pilləyə dəyişib. O buna aktivinə 1 reytinq xalı yazmaqla nail olub.

 

Fevralda açıqlanan siyahı ilə müqayisədə bu dəfə Eltac Səfərli də “Top-100”ə daxil olub -  2656 xalla 90-cı yer.

 

Təmsilçilərimizdən geriləyən yalnız Teymur Rəcəbovdur. Son yarışlarda inamsız təsir bağışlayan qrossmeyster bu dəfə daha 3 rəqibini özündən irəli buraxıb. O, hazırda 2713 xalla 37-ci yeri tutur.

 

Qeyd edək ki, ilk “üçlük”də dəyişiklik olmayıb. Reytinq cədvəlinə yenə norveçli Maqnus Karlsenin (2881) başçılıq edir. Levon Aronyan (Ermənistan, 2830) ikinci olduğu cədvəldə Vladimir Kramnik (Rusiya, 2787) ilk “üçlüyü” qapayır.